Filippo Ranokkiya “Palermo”ya satıldı – “Yuventus”un qazancı

İtalyan mərkəz yarımmüdafiəçisi Filippo Ranokkiya Turin “Yuventus”undan Siciliya təmsilçisi “Palermo”nun düşərgəsinə keçib.

Arena.az bu barədə “Palermo”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer “Palermo”ya 4 milyon avro məbləğində başa gəlib. Siciliya təmsilçisi yarımmüdafiəçi ilə tamhüquqlu əsasda, müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Filippo Ranokkiya “Peruca”nın yetirməsidir. “Peruca”dan “Yuventus”un gənclər komandasına keçmiş Ranokkiya “byankoneri”nin əsas heyətinə yol tapa bilməyib və karyerasını əsasən icarələrdə – “Viçentsa”, “Montsa” və “Empoli”də keçirib.

Cari mövsümün ilk yarısını Ranokkiya “Empoli”nin heyətində keçirib. O, bu komandada 9 oyuna çıxıb, 477 dəqiqə meydanda olub və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Ranokkiyanın qənimətlər muzeyində “Yuventus”la qazandığı İtaliya Kuboku (2020/2021) və İtaliya Super Kuboku (2020/2021) var. O, İtaliyanın U-20 və U-21 yığmalarında çıxış təcrübəsinə malikdir. Yarımmüdafiəçi “skuadra adzurra”nın əsas yığmasına hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Frabotta və Ake də icarəyə göndərildi

“Yuventus”u sol cinah müdafiəçisi Canluka Frabottanı da icarə əsasında “Kozentsa”ya göndərib. İcarə müddəti cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. Klublar icarə məbləği ilə bağlı icarə müddətinin sonunda haqq-hesab çəkəcəklər.

Canluka Frabotta İtaliyanın “Savio”, “Bolonya”, “Reante”, “Pordenone” klublarında yetişib, buradan “Yuventus”a yol tapıb. “Qoca sinyora” Frabottanın daimi oyun təcrübəsini təmin etmək məqsədilə əsasən icarələrdə saxlayıb. Frabotta “Verona”, “Leççe”, “Frozinone” və “Bari”də icarədə oynayıb.

Cari mövsümün ilk yarısını Frabotta “Bari”nin heyətində 7 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Frabottanın qənimətlər muzeyində “Yuventus”la böyük futbolda qazandığı İtaliya A Seriyasının çempionluğu (2019/2020), İtaliya Kuboku (2020/2021) və İtaliya Super Kuboku (2020/2021) var.

Canluka Frabotta İtaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış təcrübəsinə malikdir. Cinah müdafiəçi “skuadra adzurra”nın əsas yığmasına hələ dəvət almayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı italyan müdafiəçinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

“Yuventus” fransalı sol cinah vingeri Marle Akeni də İsveçrənin “İverdon-Sport” klubuna icarəyə verib. 23 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.

Marsel “Olimpik”inin yetirməsi olan Marle Ake 2021-ci ilin yanvarında 8 milyon avroya Turin klubuna gəlib. O, İtaliya nəhənginin əsas komandasında cəmi 6 matça çıxıb, 1 assistlə yadda qalb. “Yuventus” gənc vingerini daha öncə “Dijona” və “Udineze”yə də icarəyə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: