Florentino Peres: “Çempionlar Liqası zaydır, Super Liqa gərəkdir”

“Real”ın prezidenti Florentino Peres Avropa futbolunun daha yaxşı və maraqlı olması üçün Super Liqa layihəsinə ehtiyac olduğunu təkrarlayıb.

Arena.az AS dərgisinə istinadən Peresin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Super Liqa layihəsinə bu gün hər zaman olduğundan daha çox ehtiyac var. Məqsəd bəllidir: ən möhtəşəm çıxış göstərmək və maliyyə feyr-pleyinə nail olmaq. Getdikcə daha çox klub hər il yüz milyonlarla pul itirir.

Avropa İttifaqının prinsiplərinə əməl edən müasir kooperativ idarəetmə strukturlarına ehtiyacımız var. Super Liqa layihəsi davamlı olaraq dezinformasiya tədbirlərinə məruz qalır. Bu yarış milli turnirlərə və onların təqvimlərinə tam uyğun olardı. Onun yeganə məqsədi Avropa yarışlarını gücləndirmək və təkmilləşdirməkdir”, deyə Peres bildirib.

Peres həmçinin Çempionlar Liqası haqda fikrini bildirib və UEFA-nı tənqid edib. Cənab Florentinonun tənqidi UEFA-nın gələn mövsümdən etibarən Çempionlar Liqasının tərtibatını dəyişmək qərarına yönəlib:

“UEFA-nın idarəçiləri başqa tərəfə baxırlar. Çempionlar Liqasında islahatlar aparırlar, amma bu futbol layihəsi qəribə, cəfəng və mənasızdır. Ev və səfər oyunları yox, çoxlu görüşlər. Mənasızdır. Bu, uyğun bir həll deyil. Cari Çempionlar Liqasının 125 oyununun hüququ İspaniyaya 360 milyon avroya satılıb, 2024-cü ilə qədər 189 oyunun hüququ 320 milyon avroya satılacaq. Bu, 64 oyun çox, 40 milyon avro azdır.
Bu yarış modeli azarkşeləri bu idman növündən daha da uzaqlaşdıracaq. UEFA-nın hazırladığı yeni model bütün dünya azarkeşlərinin tələb etdiyi model deyil. O UEFA-nın idarəetmə sisteminə, yəni digər dövrlərə xas olan sistemə ən uyğun modeli təmsil edir. Azarkeş və futbolçuların tələbləri, həmçinin klubların tələbləri diqqətə alınmır”, deyə Florentino Peres narazı və iddialı danışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: