Florentino Peres: “La Liqa “Real”a qarşı mövqe tutub”

“Real”ın prezidenti Florentino Peres La Liqa rəhbərliyini “kral klubu”na qarşı siyasət yürütməkdə ittiham edib.

Arena.az AS dərgisinə istinadən Peresin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“İspaniyada baş verənlər Avropada baş verənlərdən daha çox narahatlıq doğurur. La Liqa son oyunlarda “Real”a qarşı mövqe tutub. Niyyətlərində ciddidirlər. Onlar klubun nüfuzunu zəiflətməyə çalışırlar. La Liqa hər şeyi sınadı. Məsələn, audiovizual hüquqlarımızın 11%-ni 50 il müddətinə əlimizdən almaq, sonra İdman Qanununu dəyişdirərək klub prezidentlərinin səsvermə hüququnu ləğv etmək. Onların nəyin arxasınca düşdüyünü təsəvvür etmək üçün çox da təxəyyül gərək deyil.

Mətbuatdan öyrəndik ki, 50 il ərzində bizdən xəbərsiz audiovizual hüquqlarımızın 11%-ni əlimizdən almaq istəyirlər, həm də bu barədə bizə vicdanlı insanlar məlumat veriblər. Bu sövdələşmə La Liqa idarəçiləri üçün böyük bir işdir, futbol üçün isə biabırçılıqdır. “Real”, “Barselona” və “Atletik” bunun qeyri-qanuni olduğunu öyrəndikdə buna qarşı çıxdılar.

Kimsə bizim La Liqanın səlahiyyətli komissiyasının üzvü olmamağımızı normal hesab edirmi? Hansı ki, hər klubun nə qədər gəlir əldə etdiyini görməyimizə mane olur. Biz bunu tələb etdik, amma rədd edildik. Məsələn, La Liqa hər kluba nə ödədiyini gizlətməməlidir. Dostluq münasibətləri, reklam məhdudiyyətləri – bütün bunlar şəffaflıq olmadan baş verir! La Liqanın hər bir kluba müəyyən şeylərə görə və hansı meyarlara görə nə qədər pul ödədiyini demirəm”, deyə Florentino Peres aşkar narazılıqla bildirib.

Xatırladaq ki, ötən ilin yayında “Real” La Liqanı futbol oyunlarının audiovizual hüquqlarının kommersiyalaşdırılması və istifadəsindən əldə edilən gəlirin bölüşdürülməsi qaydalarını pozmaqda ittiham etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: