Formula 1: 2024 mövsümü bitdi, “Maklaren” çempion oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün sonuncu mərhələsi – 24-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Birləşmiş Ərəb Əmirliklərində təşkil olunub.

Əbu-Dabi şəhərindəki yarışda əsas intriqa Mühəndislər Kubokunda hansı komandanın qalib olacağı ilə bağlı idi. Son mərhələdən əvvəl “Maklaren” “Ferrari”ni 21 xal qabaqlayırdı. Start “Maklaren” üçün uğursuz alınıb. Lando Norris yerini qorusa da, digər pilot Oskar Piastri Maks Ferstappenlə toqquşub. Nəticədə Piastri son pilləyə yuvarlanıb. Əksinə, “Ferrari” komandası startı yaxşı keçirib. Karlos Sayns bir yer qazanaraq 2-ci pilləyə qalxıb. Lekler isə 19-cu pillədən start verməsinə baxmayaraq, xeyli irəliləyib. Sonda Şarl Lekler podiumun son pilləsində yer tutub. Lando Norrisin qələbəsi “Maklaren”ə çempion olmağa imkan verib.

4-cü yer Luis Hamiltona, 5-cilik isə “Mersedes”in digər üzvü Corc Rasselə qismət olub. Çempion Maks Ferstappen 6-cı yeri tutub. Onlardan başqa xal zonasında Qasli, Hülkenberq, Alonso və Piastri qərarlaşıblar.

Beləliklə, 437 xala malik Maks Ferstappen mövsümü birinci yerdə, çempion kimi başa vurub. Lando Norris 374 xalla 2-ci, Şarl Lekler isə 356 xalla 3-cü sırada qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 666 xalla mövsümün çempionu olub. 652 xal toplamış “Ferrari” ikinci yeri tutub. “Red Bull” isə 589 xalla üçüncü olub.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 437
  2. Lando Norris (Maklaren) – 374
  3. Şarl Lekler (Ferrari) – 356
  4. Oskar Piastri (Maklaren) – 292
  5. Karlos Sayns (Ferrari) – 290
  6. Corc Rassell (Mersedes) – 245
  7. Luis Hamilton (Mersedes) – 223
  8. Serxio Peres (Red Bull) – 152
  9. Fernando Alonso (Aston Martin) – 70
  10. Pyer Qasli (Alpin) – 42
  11. Niko Hulkenberq (Haas) – 41
  12. Yuki Tsunoda (Rasinq Bulls) – 30
  13. Lens Stroll (Aston Martin) – 24
  14. Esteban Okon (Alpin) – 23
  15. Kevin Maqnussen (Haas) – 16
  16. Aleksander Albon (Uilyams) – 12
  17. Daniel Rikkardo (Rasinq Bulls) – 12
  18. Oliver Berman (Ferrari) – 7
  19. Franko Kolapinto (Uilyams) – 5
  20. Jou Quanyu (Zauber) – 4
  21. Liam Louson (Rasinq Bulls) – 4
  22. Valtteri Bottas (Zauber) – 0
  23. Loqan Sarcent (Uilyams) – 0
  24. Cek Dohan (Alpin) – 0.

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Maklaren – 666
  2. Ferrari – 652
  3. Red Bull – 589
  4. Mersedes – 468
  5. Aston Martin – 94
  6. Alpin – 65
  7. Haas – 58
  8. Rasinq Bulls – 46
  9. Uilyams – 17
  10. Zauber – 4
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: