Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 10-cu qran-prisi baş tutub.
Northemptonşirdə təşkil olunmuş Britaniya qran-prisi “Ferrari”nin pilotu Karlos Saynsın qələbəsiylə yekunlaşıb. İspaniyalı sürücü 52 dövrəlik yarışda 1:36:21.757 göstərici ilə birinci olub. Bu, onun həm bu mövsümdə, həm də karyerasındakı ilk belə zəfərdir.
“Red Bul”un pilotu Serxio Peres 3 saniyəlik fərqlə ikinci olub. “Mercedes”in təcrübəli pilotu, 7 qat dünya çempionu Luis Hamilton isə Kanadada olduğu kimi, bu yarışı da 3-cü sırada bitirib.
Sonuncu dünya çempionu, bu mövsümün lideri, cari mövsümdə 6 qran-prinin qalibi olmuş Maks Ferstappe Britaniyada 7-cu yerlə kifayətlənib.
Britaniya qran-prisi ağır qəza ilə başlayıb. Belə ki, yarışa start veriləndən saniyələr sonra “Alfa Romeo”dan Jou Quanyu, “Uilyams”dan Aleksandr Albon və “Mersedes”dən Corc Rasselin bolidləri toqquşub. Nəticədə Jou Quanyu çox ağır qəzaya uğrayıb. Buna görə yarışda böyük fasilə yaranıb. Azarkeşlərin yer aldığı tribunaya çırpılan çinli pilotu çətinliklə də olsa, bolidindən çıxarmaq və dərhal xəstəxanaya çatdırmaq mümkün olub. Xoşbəxtlikdən bir müddət sonra onun sağlıq durumu ilə bağlı hər şeyin qaydasında olduğu açıqlanıb.
“Alfa Romeo”dan Valtteri Bottas 20-ci, “Alfa Tauri”dən Pyer Qasli 26-cı, “Alpine Reno”dan da Esteban Okon 37-ci dövrədə yarışla vidalaşmalı olub.
Beləliklə, 10 turdan sonra Maks Ferstappen 181 xalla liderliyini qoruyub. Serxio Peres 147 xalla ikinci pillədə qalıb. Şarl Lekler isə 138 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində də “Red Bull” 328 xalla zirvədə qərarlaşıb. “Ferrari” 265 xalla ikincidir. İlk üçlüyü 204 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Avstriyada keçiriləcək. Sözügedən yarış iyulun 10-da Şpilberqdə baş tutacaq.
Turnir cədvəli
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 181
- Serxio Peres (Red Bull) – 147
- Şarl Lekler (Ferrari) – 138
- Karlos Sayns (Ferrari) – 127
- Corc Rassell (Mersedes) – 111
- Luis Hamilton (Mersedes) – 93
- Lando Norris (Maklaren) – 58
- Valtteri Bottas (Alfa Romeo) – 46
- Esteban Okon (Alpine-Reno) – 39
- Fernando Alonso (Alpine-Reno) – 28
- Pyer Qasli (Alfa Tauri) – 16
- Kevin Maqnussen (Haas) – 16
- Sebastyan Fettel (Aston Martin) – 15
- Daniel Rikkardo (Maklaren) – 15
- Yuki Tsunoda (Alfa Tauri) – 11
- Jou Quanyu (Alfa Romeo) – 5
- Mik Şumaxer (Haas) – 4
- Aleksander Albon (Uilyams) – 3
- Lens Stroll (Aston Martin) – 3
- Nikolas Latifi (Uilyams) – 0
- Niko Hulkenberq (Aston Martin) – 0
Konstruktorların xal sıralaması:
- Red Bull – 328
- Ferrari – 265
- Mersedes – 204
- Maklaren – 73
- Alpine-Reno – 67
- Alfa Romeo – 51
- Alfa Tauri – 27
- Haas – 20
- Aston Martin – 18
- Uilyams – 3


