Formula 1 və Formula 2 üzrə Azərbaycan qran-prisində ilk günə yekun vurulub. Arena.az xəbər verir ki, Formula 2-də səhər saatlarında sərbəst yürüş baş tutmuşdusa, axşam sıralama turu gerçəkləşib.
“Hitech Grand Prix” komandasından Yuri Vips sıralama turunda da ən yaxşı nəticəni göstərib. Xatırladaq ki, o, sərbəst yürüşdə də ən yaxşı nəticəyə imza atmışdı. “Carlin”dən Liam Louson ikinci, “Prema Racing”dən Dennis Hauger üçüncü olub. “Charouz Racing System”də çıxış edən türkiyəli pilot Cem Bölükbaşı 21-ci yerlə kifayətlənib.
Saat 18:00-da isə Formula 1-də ikinci sərbəst yürüş başlayıb. Yekunda “Ferrari”nin pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü olub.
Xatırladaq ki, ilk test yürüşündə “Red Bull”un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərmişdi. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü olmuşu.
Qeyd edək ki, Bakıda keçirilən sayca 6-cı qran-pri iyunun 12-dək davam edəcək.
Formula 1-də “Red Bull” komandasında çıxış edən hazırkı dünya çempionu Maks Ferstappen 125 xalla liderdir. “Ferrari”dən Şarl Lekler 116 xalla ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.
Formula 2-də isə müvafiq sıraları “MP Motorsport”dan Felipe Druqoviç, “ART Grand Prix”dən Teo Purşer və “Prema Racing”dən Jehan Daruvala tutur.


