Formula 1: Azərbaycan qran-prisində sərbəst yürüşlər yekunlaşdı

Bakıda təşkil olunmuş Formula 1 üzrə Azərbaycan qran-prisi davam edir. Arena.az xəbər verir ki, bu gün üçüncü sərbəst yürüş baş tutub.

Təxminən bir saat davam edən yürüşün sonunda “Red Bull”un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen isə üçüncü olub.

Xatırladaq ki, ötən gün baş tutan test yürüşlərində “Red Bull”dan Serxio Peres və “Ferrari”dən Şarl Lekler ən yaxşı nəticəni göstərmişdi.

Bu gün saat 18:00-19:00 aralığında isə sıralama turu keçiriləcək.

Formula 1 üzrə Azərbaycan qran-prisində mübarizəyə sabah yekun vurulacaq. Belə ki, saat 15:00-da qran-prinin həlledici yarışı – sprint turniri keçiriləcək.

Bu gün həm də Formula 2 üzrə Azərbaycan qran-prisinə yekun vurulub. Saat 13:30-da başlayan sprint yarışında ən sürətli pilotlar müəyyənləşib.

“ART Grand Prix” komandasından Frederik Vesti 21 dövrənin yekununda bütün rəqiblərini qabaqlayıb.

“Prema Racing”dən Jan Daruvala ikinci, “Carlin”dən Liam Louson üçüncü yeri tutub.

Bu yarışda zərcirvari qəza baş verib. Finişə az qalmış – sonuncu dövrədə bolidlər bir-biri ilə toqquşub. Nəticədə avtomobillərdən biri alovlanıb. Mübarizəni dayandıranlar arasında “Charouz Racing System”də çıxış edən türkiyəli pilot Cem Bölükbaşı da var. Bölükbaşı “Trident”in sürücüsü Kalan Vilyamsla toqquşub.

“Prema Racing”dən Dennis Hauger sprint yarışının 14-cü dövrəsində qoruyucu səddə çırpılıb. Nəticədə 19 yaşlı pilot mübarizəni dayandırmalı olub. “Charouz Racing System” komandasında çıxış edən Entso Fittipaldi də mübarizəni sonadək davam etdirə bilməyib. Fittipaldi dönmə zamanı səhv yola girib və yarışdan kənarda qalıb.