Formula 1: Azərbaycan qran-prisinin qalibi bəlli oldu

Formula 1 üzrə 2021 mövsümünün 6-cı mərhələsi çərçivəsində Azərbaycan qran-prisi keçirilib.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Bakıdakı şəhər trasında baş tutub.

Formula 1 çempionatının 6-cı mərhələsi “Red Bull”un Meksikadan olan pilotu Serxio Peresin qələbəsiylə yekunlaşıb. Bu, onun həm Azərbaycan qran-prisində, həm də 2020 mövsümündə ilk belə uğurudur.

“Aston Martin”də çıxış edən Sebastyan Fettel ikinci, “Alfa Tauri”dən Pyer Qasli üçüncü yeri tutub. Serxio Peres kimi, bu iki pilot da bu il ilk dəfə podiumda yer alıb.

Əvvəlki mərhələlərin üçünün qalibi olan “Mersedes”in pilotu Luis Hamilton bu dəfə 15-ci yeri tutub. Onun komanda yoldaşı, Finlandiya təmsilçisi Valtteri Bottas isə 12-ci olub.

Digər iki mərhələnin qalibi, “Red Bull”un Niderlanddan olan pilotu Maks Ferstappen üçün Bakı qran-prisi uğursuz alınıb. O, yarışın sonlarında avtomobilinin təkəri partladığı üçün mübarizəni dayandırıb. “Aston Martin”dən Lans Stroll da eyni aqibətlə üzləşib. Ferstappen 45-ci dövrədə mübarizəni dayandırıbsa, Stroll 29-cu dövrədə yarışdan kənarda qalıb. “Alpine”dən Esteban Okon, “Uilyams-Mersedes”dən Corc Rassel də avtomobilindəki problemlər səbəbindən mübarizəni erkən dayandırıb.

Mövsümün geridə qalan 6 qran-prisinin yekununa əsasən, Ferstappen 105 xalla birinci, Hamilton isə 101 xalla ikinci pillədəki mövqeyini qoruyub. Bakıdakı qələbə sayəsində xallarının sayını 69-a çatdıran Serxio Peres üçüncü pilləyə yüksəlib.

Konstruktorların mübarizəsində isə lider dəyişib. “Red Bull” artıq 174 xalla zirvədə qərarlaşıb. İkinci pilləyə düşən “Mercedes”in isə 148 xalı var. “Ferrari” isə 94 xalla 3-cü yerdə gedir.

Mövsümün növbəti – sayca 7-ci qran-prisi iyunun 20-də Fransada keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 105
  2. Luis Hamilton (Mersedes) – 101
  3. Serxio Peres (Red Bull) – 69
  4. Lando Norris (Maklaren) – 66
  5. Şarl Lekler (Ferrari) – 52
  6. Valtteri Bottas (Mersedes) – 47
  7. Karlos Sayns (Ferrari) – 42
  8. Pyer Qasli (Alfa Tauri) – 31
  9. Sebastyan Fettel (Aston Martin-Mersedes) – 28
  10. Daniel Rikkardo (Maklaren) – 26

Konstruktorların xal sıralaması:

  1. Red Bull Rasinq-Honda – 174
  2. Mersedes – 148
  3. Ferrari – 94
  4. Maklaren-Mersedes – 92
  5. Alfa Tauri-Honda – 39
  6. Aston Martin-Mersedes – 37
  7. Alpine-Reno – 25
  8. Alfa Romeo-Ferrari – 2
  9. Haas-Ferrari – 0
  10. Uilyams-Mersedes – 0