Məlum olduğu kimi, Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün 17-ci qran-prisi Azərbaycanda təşkil olunacaq.
Arena.az xəbər verir ki, Azəraycan qran-prisinə bu gündən etibarən start verilib.
İlk gündə iki sərbəst yürüş keçiriləcək. Bundan əlavə, “Formula 2” üzrə sınaq yürüşü, həmçinin sıralama turu gerçəkləşəcək.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hamilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.
Azərbaycan qran-prisinə qədər “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “Maklaren”dən Lando Norris 241 xalla ikinci, “Ferrari”dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, “Ferrari”nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
Mühəndislər kubokunda da “Red Bull” 446 xalla xalla birinci, “Maklaren” 438 xalla ikinci pllədə qərarlaşıb. “Ferrari” isə 407 xalla üçüncüdür.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan qran-prisinə sentyabrın 15-də baş tutacaq əsas yarışla yekun vurulacaq.


