Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – Belçika qran-prisi keçirilməli idi. Arena.az xəbər verir ki, dünya çempionatının 12-ci mərhələsi güclü yağış səbəbindən ləğv edilib.
Belçikanın “Spa-Francorchamps” avtodromunda keçirilməli olan yarışın startı Bakı vaxtı ilə saat 16:00-a planlaşdırılmışdı. Amma start yağışa görə təxirə salınıb. Sonra iştirakçılar ikinci dəfə yarışa başlamağa cəhd ediblər. Pilotlar təhlükəsizlik maşınının arxasında bir neçə dairə vursalar da, hava şəraiti yarışı davam etdirməyə imkan verməyib.
Nəticədə təsnifatın ən yaxşısı olan “Red Bull”un pilotu Maks Ferstappen qalib elan olunub. “Uilyams Mersedes”dən Corc Rassel ikinci, “Mersedes”dən isə Luis Hamilton üçüncü yerə layiq görülüb.
Mövsümün geridə qalan 12 qran-prisinin yekununa əsasən, Luis Hamilton 202.5 xalla birinci pillədə qərarlaşıb. Maks Ferstappen 199.5 xalla ikincidir. İlk üçlüyü 113 xala malik Lando Norris (“Maklaren Mersedes”) qapayır.
Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 310 xal var. İkinci pillədəki “Red Bull Rasinq-Honda”nın isə 303 xalı var. 169 xalı olan “Maklaren Mersedes” isə üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə mövsümün növbəti – sayca 13-cü qran-prisi Niderlandda baş tutacaq. Sözügedən qran-pri sentyabrın 5-də keçiriləcək.
Pilotların yarışında ilk 10-luq:
- Luis Hamilton (Mersedes) – 202.5
- Maks Ferstappen (Red Bull) – 199.5
- Lando Norris (Maklaren) – 113
- Valtteri Bottas (Mersedes) – 108
- Serxio Peres (Red Bull) – 104
- Karlos Sayns (Ferrari) – 83.5
- Şarl Lekler (Ferrari) – 82
- Daniel Rikkardo (Maklaren) – 56
- Pyer Qasli (Alfa Tauri) – 54
- Esteban Okon (Alpine-Reno) – 42
Konstruktorların xal sıralaması:
- Mersedes – 310
- Red Bull Rasinq-Honda – 303
- Maklaren-Mersedes – 169
- Ferrari – 165
- Alpine-Reno – 80
- Alfa Tauri-Honda – 72
- Aston Martin-Mersedes – 53
- Uilyams-Mersedes – 20
- Alfa Romeo-Ferrari – 3
- Haas-Ferrari – 0


