Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 8-ci qran-prisi baş tutub.
Bakıda keçirilən Azərbaycan qran-prisi “Red Bul”un pilotu, sonuncu dünya çempionu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı pilot 51 dövrəlik yarışda 1:34:05.941 göstərici ilə birinci olub. Bu, Maksın cari mövsümdəki 5-ci, karyerası ərzində isə 24-cü belə uğurudur.
Qeyd edək ki, Ferstappen ilk dəfə Bakıdakı yarışda kuboka sahib çıxıb. Ötən il onun komanda yoldaşı Serxio Peres finişə birinci çatdığı üçün “Red Bull” ardıcıl ikinci dəfə Azərbaycan qran-prisində qalib adını qazanıb.
Serxio Peres bu dəfə ikinci olub. “Mercedes”dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Luis Hamilton 4-cü yerlə kifayətlənib.
“Ferrari”dən Şarl Lekler və Karlos Sayns bu yarışla erkən vidalaşmalı olub. Belə ki, Sayns elə startda mübarizəni dayandırıbsa, Lekler 21-ci dövrədə bolidinin motoru sıradan çıxdığı üçün yarışla vidalaşıb. Halbuki, ona bu yarışda böyük ümidlər var idi.
“Haas”dan Kevin Maqnussen və “Alfa Romeo”nun üzvü Jou Quanyu, həmçinin “Aston Martin”dən Lens Stroll da yarışı sona qədər davam etdirə bilməyib.
Yarış bitən kimi Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.
Beləliklə, səkkiz turdan sonra Maks Ferstappen 150 xalla liderliyini qoruyub. Serxio Peres 129 xalla ikinci pilləyə yüksəlib. Şarl Lekler isə 116 xalda qaldığı üçün üçüncü pilləyə düşüb.
Konstruktorların mübarizəsində də “Red Bull” 279 xalla zirvədə qərarlaşıb. “Ferrari” 199 xalla ikincidir. İlk üçlüyü 161 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Kanadada keçiriləcək. Sözügedən yarış iyunun 19-da Monrealda baş tutacaq.
Turnir cədvəli
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 150
- Serxio Peres (Red Bull) – 129
- Şarl Lekler (Ferrari) – 116
- Corc Rassell (Mersedes) – 99
- Karlos Sayns (Ferrari) – 83
- Luis Hamilton (Mersedes) – 62
- Lando Norris (Maklaren) – 50
- Valtteri Bottas (Alfa Romeo) – 40
- Esteban Okon (Alpine-Reno) – 31
- Pyer Qasli (Alfa Tauri) – 16
- Fernando Alonso (Alpine-Reno) – 16
- Kevin Maqnussen (Haas) – 15
- Daniel Rikkardo (Maklaren) – 15
- Sebastyan Fettel (Aston Martin) – 13
- Yuki Tsunoda (Alfa Tauri) – 11
- Aleksander Albon (Uilyams) – 3
- Lens Stroll (Aston Martin) – 2
- Jou Quanyu (Alfa Romeo) – 1
- Mik Şumaxer (Haas) – 0
- Niko Hulkenberq (Aston Martin) – 0
- Nikolas Latifi (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Red Bull – 279
- Ferrari – 199
- Mersedes – 161
- Maklaren – 65
- Alpine-Reno – 47
- Alfa Romeo – 41
- Alfa Tauri – 27
- Haas – 15
- Aston Martin – 15
- Uilyams – 3
Xatırladaq ki, Azərbaycanda qran-pri 6-cı dəfə təşkil olunub. Bakıdakı əvvəlki yarışlarda “Mercedes”in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, “Red Bull”un keçmiş pilotu, hazırda “Maklaren”da çıxış edən Daniel Rikkardo (2017), “Mercedes”dən Luis Hamilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və “Red Bull”da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.
Sonda onu da xatırladaq ki, bu gün Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan qran-prisinin də qalibi bəlli olub. 29 dövrənin yekununda “Prema Racing”dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb. “Carlin”dən Logan Sargeant ikinci, “MP Motorsport”dan Felipe Druqoviç üçüncü yeri tutub. Yarış bir neçə qəza ilə yadda qalıb. Bu üzdən ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib.


