Formula 1 üzrə 2021 mövsümünün ikinci qran-prisi keçirilib.
Arena.az xəbər verir ki, budəfəki qran-pri İtaliyadakı İmola trasında baş tutub.
Emiliya-Romanya qran-prisinin qalibi “Red Bull” pilotu Maks Ferstappen olub. Hansı ki, o, Bəhreyndəki qran-pridə ikinci yeri tutmuşdu. İlk qran-prinin qalibi olmuş “Mercedes” pilotu Luis Hamilton isə bu dəfə ikinci yerlə kifayətlənib. “Maklaren”i təmsil edən Lando Norris də üçüncü yeri tutub.
“Mercedes”dən Valtteri Bottas və “Uilyams”dan Corc Rasselin qəzaya düşməsi səbəbindən yarışa fasilə verilib. Bundan yararlanan Hemilton rəqibləri ilə fərqi aradan götürərək, 10-cu mövqedən 2-ci yerə çıxıb.
Bottas və Rasseldən əlavə, “Aston Martin”dən Sebastyan Fettel və “Uilyams”dan Nikolas Latifi də finişə çata bilməyib.
Mövsümün iki qran-prisinin yekununa əsasən, Hamilton 44 xalla liderliyini qoruyub. Ferstappen 43 xalla 2-ci, Norris 27 xalla 3-cüdür. Konstruktorların mübarizəsində isə “Mercedes” 60 xalla 1-ci, “Red Bull” 53 xalla 2-ci, “Maklaren” 41 xalla 3-cü yerdə gedir.


