Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 9-cu qran-prisi baş tutub.
Monreal şəhərində təşkil olunmuş Kanada qran-prisi “Red Bul”un pilotu, sonuncu dünya çempionu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı pilot 70 dövrəlik yarışda 1:36:21.757 göstərici ilə birinci olub. Bu, Maksın cari mövsümdəki 6-cı, karyerası ərzində isə 25-ci belə uğurudur.
“Ferrari”dən Karlos Sayns bu dəfə ikinci olub. “Mercedes”in təcrübəli pilotu, 7 qat dünya çempionu Luis Hamilton isə bu yarışı 3-cü sırada bitirib.
“Red Bull”dan Serxio Peres, “Haas”dan Mik Şumaxer və “Alfa Tauri”dən Yuki Tsunoda isə bu yarışla erkən vidalaşmalı olub. Onlar müvafiq olaraq 7, 18 və 47-ci dövrələrdə mübarizədən kənarlaşmaq məcburiyyətində qalıblar.
Beləliklə, doqquz turdan sonra Maks Ferstappen 175 xalla liderliyini qoruyub. Serxio Peres 129 xalla ikinci pillədə qalıb. Şarl Lekler isə 126 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində də “Red Bull” 304 xalla zirvədə qərarlaşıb. “Ferrari” 228 xalla ikincidir. İlk üçlüyü 188 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Böyük Britaniyada keçiriləcək. Sözügedən yarış iyulun 3-də Northemptonşirdə baş tutacaq.
Turnir cədvəli
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 175
- Serxio Peres (Red Bull) – 129
- Şarl Lekler (Ferrari) – 126
- Corc Rassell (Mersedes) – 111
- Karlos Sayns (Ferrari) – 102
- Luis Hamilton (Mersedes) – 77
- Lando Norris (Maklaren) – 50
- Valtteri Bottas (Alfa Romeo) – 46
- Esteban Okon (Alpine-Reno) – 39
- Fernando Alonso (Alpine-Reno) – 18
- Pyer Qasli (Alfa Tauri) – 16
- Kevin Maqnussen (Haas) – 15
- Daniel Rikkardo (Maklaren) – 15
- Sebastyan Fettel (Aston Martin) – 13
- Yuki Tsunoda (Alfa Tauri) – 11
- Jou Quanyu (Alfa Romeo) – 5
- Aleksander Albon (Uilyams) – 3
- Lens Stroll (Aston Martin) – 3
- Mik Şumaxer (Haas) – 0
- Niko Hulkenberq (Aston Martin) – 0
- Nikolas Latifi (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Red Bull – 304
- Ferrari – 228
- Mersedes – 188
- Maklaren – 65
- Alpine-Reno – 57
- Alfa Romeo – 51
- Alfa Tauri – 27
- Aston Martin – 16
- Haas – 15
- Uilyams – 3


