Formula 1: Ferstappen Monakoda da hamını qabaqladı

Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün altıncı qran-prisi baş tutub.

Monakoda təşkil olunmuş budəfəki qran-pri də ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 78 dövrəlik yarışı 1:48:51.980 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə dördüncü, karyerası ərzində isə 39-cu qələbədir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya və Mayamidə təşkil olunmuş qran-prilərin də qalibi olmuşdu.

“Aston Martin”dən Fernando Alonso bu yarışda ikinci yeri tutub. İlk üçlüyü “Alpine-Reno”dan Esteban Okon qapayıb.

Bu mövsüm geridə qalan 6 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 144 xalla birinci, Serxio Peres isə 105 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 93 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 249 xalla zirvədə qərarlaşıb. “Aston Martin” 120 xalla ikincidir. İlk üçlüyü 119 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi İspaniyada keçiriləcək. Sözügedən yarış iyunun 4-də Barselonada baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

1. Maks Ferstappen (Red Bull) – 144

2. Serxio Peres (Red Bull) – 105

3. Fernando Alonso (Aston Martin) – 93

4. Luis Hamilton (Mersedes) – 69

5. Corc Rassell (Mersedes) – 50

6. Karlos Sayns (Ferrari) – 48

7. Şarl Lekler (Ferrari) – 42

8. Lens Stroll (Aston Martin) – 27

9. Esteban Okon (Alpine-Reno) – 21

10. Pyer Qasli (Alpine-Reno) – 14

11. Lando Norris (Maklaren) – 12

12. Niko Hulkenberq (Haas) – 6

13. Oskar Piastri (Maklaren) – 5

14. Valtteri Bottas (Alfa Romeo) – 4

15. Jou Quanyu (Alfa Romeo) – 2

16. Yuki Tsunoda (Alfa Tauri) – 2

17. Kevin Maqnussen (Haas) – 2

18. Aleksander Albon (Uilyams) – 1

19. Loqan Sarcent (Uilyams) – 0

20. Nik De Vris (Alfa Tauri) – 0

Konstruktorların xal sıralaması:

1. Red Bull – 249

2. Aston Martin – 120

3. Mersedes – 119

4. Ferrari – 90

5. Alpine-Reno – 35

6. Maklaren – 17

7. Haas – 8

8. Alfa Romeo – 6

9. Alfa Tauri – 2

10. Uilyams – 1