Formula 1: Ferstappen sıradan çıxdı, Sayns qalib oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 3-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Avstraliyada təşkil olunub.

Melburn şəhərində keçirilən yarışda ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappenin qələbə seriyasına son qoyulub. Belə ki, mövsümün üçüncü mərhələsində qalib adını “Ferrari” komandasının ispan pilotu kiçik Karlos Sayns qazanıb. 29 yaşlı pilot 58 dövrəlik yarışı 1:20:26.843 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdə ilk, karyerasında isə 3-cü qələbəsidir.

İkinci yeri “Ferrari” komandasının digər sürücüsü Şarl Lekler tutub. İlk üçlüyü “Maklaren”dən britaniyalı Lando Norris tamamlayıb.

Hazırkı dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen dördüncü dövrədə əyləc diskinin yanması səbəbindən yarışdan çıxıb. Həmçinin “Mercedes”in britaniyalı pilotları Luis Hamilton və Corc Rassel də yarışı tamamlaya bilməyiblər.

Beləliklə, 3 turdan sonra 51 xala malik Maks Ferstappen vahid liderdir. Şarl Lekler (“Ferrari”) 47 xalla 2-ci, Ferstappenin komanda yoldaşı Serxio Peres isə 46 xalla 3-cüdür.

Mühəndislər Kubokunda da “Red Bull” 97 xalla vahid liderdir. “Ferrari” 93 xalla ikinci, “Maklaren” 55 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 4-cü qran-prisi Yaponiyada keçiriləcək. Sözügedən yarış aprelin 7-də Suzuka şəhərində baş tutacaq.

Dünya çempionatı, 2024

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 51
  2. Şarl Lekler (Ferrari) – 47
  3. Serxio Peres (Red Bull) – 46
  4. Karlos Sayns (Ferrari) – 40
  5. Oskar Piastri (Maklaren) – 28
  6. Lando Norris (Maklaren) – 27
  7. Corc Rassell (Mersedes) – 18
  8. Fernando Alonso (Aston Martin) – 16
  9. Lens Stroll (Aston Martin) – 9
  10. Luis Hamilton (Mersedes) – 8
  11. Yuki Tsunoda (Rasinq Bulls) – 6
  12. Oliver Berman (Ferrari) – 6
  13. Niko Hulkenberq (Haas) – 3
  14. Kevin Maqnussen (Haas) – 1
  15. Aleksander Albon (Uilyams) – 0
  16. Jou Quanyu (Zauber) – 0
  17. Daniel Rikkardo (Rasinq Bulls) – 0
  18. Esteban Okon (Alpin) – 0
  19. Pyer Qasli (Alpin) – 0
  20. Valtteri Bottas (Zauber) – 0
  21. Loqan Sarcent (Uilyams) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 97
  2. Ferrari – 93
  3. Maklaren – 55
  4. Mersedes – 26
  5. Aston Martin – 25
  6. Rasinq Bulls – 6
  7. Haas – 1
  8. Uilyams – 0
  9. Zauber – 0
  10. Alpin – 0