Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 21-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Braziliyada təşkil olunub.
San Paulo şəhərindəki yarış ötən mövsümün çempionu, “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 27 yaşlı pilot 69 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə 8-ci, karyerasında isə 62-ci qələbəsidir.
Braziliya qran-prisində yağışın yağması sessiyaların proqramına ciddi təsir göstərib. Belə ki, təsnifatla yarış eyni günə salınıb. Sıralama turunda birinci olmasına baxmayaraq, Lando Norris yenə də startda zəif təsir bağışlayıb. Bundan da digər sürücülər istifadə ediblər. Əvvəlcə Corc Rassel liderliyə yüksəlib. Lakin onun birinci getməsi uzun sürməyib. Franko Kolapintonun qəzasına görə dayandırılan yarışın restartından sonra isə Ferstappen öz sözünü deyib. Niderlandlı pilot liderliyə yüksəldikdən sonra mövqeyini heç kimə verməyib. Bununla da o, vacib qələbə sayəsində çempionluğa bir qədər də yaxınlaşıb.
Maksın əsas rəqibi Lando Norris yarışı 6-cı başa vurub. Ən maraqlı məqam autsayderlərdən sayılan “Alpin” komandasının iki pilotla podiuma yüksəlməsi olub. Esteban Okon ikinci, Pyer Qasli isə üçüncü yeri tutub.
21 turdan sonra 393 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris 331 xalla 2-ci, Şarl Lekler isə 307 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda “Maklaren” 593 xalla zirvədə qərarlaşıb. İkinci olan “Ferrari” xallarının sayını 557-yə çatdırıb, “Red Bull” isə 544 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 22-ci qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Sözügedən yarış noyabrın 23-də Las Veqas şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 393
- Lando Norris (Maklaren) – 331
- Şarl Lekler (Ferrari) – 307
- Oskar Piastri (Maklaren) – 262
- Karlos Sayns (Ferrari) – 244
- Corc Rassell (Mersedes) – 192
- Luis Hamilton (Mersedes) – 190
- Serxio Peres (Red Bull) – 151
- Fernando Alonso (Aston Martin) – 62
- Niko Hulkenberq (Haas) – 31
- Yuki Tsunoda (Rasinq Bulls) – 28
- Pyer Qasli (Alpin) – 26
- Lens Stroll (Aston Martin) – 24
- Esteban Okon (Alpin) – 23
- Kevin Maqnussen (Haas) – 14
- Aleksander Albon (Uilyams) – 12
- Daniel Rikkardo (Rasinq Bulls) – 12
- Oliver Berman (Ferrari) – 7
- Franko Kolapinto (Uilyams) – 5
- Liam Louson (Rasinq Bulls) – 2
- Jou Quanyu (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
- Valtteri Bottas (Zauber) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 593
- Ferrari – 557
- Red Bull – 544
- Mersedes – 382
- Aston Martin – 86
- Alpin – 49
- Haas – 46
- Rasinq Bulls – 44
- Uilyams – 17
- Zauber – 0


