Formula 1: Ferstappendən 16-cı qələbə və yeni rekord!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 19-cu qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Meksikada təşkil olunub.

Meksika qran-prisi də bu mövsüm çempionluğu təmin etmiş “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 71 dövrəlik yarışı 2:02:30.814 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 16-cı qələbəsidir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Belçika, Niderland, İtaliya, Yaponiya,Qətər və ABŞ qran-prilərinin də qalibi olmuşdu.

Ferstappen bir mövsüm ərzində 16-cı qələbəsini qazanmaqla bu göstərici üzrə yeni rekorda da imza atıb. Əvvəlki rekord da 2022-ci ildə 15 qələbə ilə Ferstappenin özünə məxsus idi.

“Mersedes”in üzvü Luis Hamilton Meksikadakı yarışda finiş xəttini ikinci keçib. İlk üçlüyü “Ferrari”nin pilotu Şarl Lekler tamamlayıb.

Beləliklə, bu mövsüm geridə qalan 19 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 491 xalla birinci, Serxio Peres isə 240 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 220 xala malik Luis Hamilton (“Mersedes”) qapayır.

Mühəndislər Kubokunda da “Red Bull” 731 xalla zirvədə qərarlaşıb. Xal hesabını 371-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Ferrari” isə 349 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Braziliyada keçiriləcək. Sözügedən yarış noyabrın 5-də San Pauloda baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 491
  2. Serxio Peres (Red Bull) – 240
  3. Luis Hamilton (Mersedes) – 220
  4. Karlos Sayns (Ferrari) – 183
  5. Fernando Alonso (Aston Martin) – 183
  6. Lando Norris (Maklaren) – 169
  7. Şarl Lekler (Ferrari) – 166
  8. Corc Rassell (Mersedes) – 151
  9. Oskar Piastri (Maklaren) – 87
  10. Pyer Qasli (Alpine-Reno) – 56
  11. Lens Stroll (Aston Martin) – 53
  12. Esteban Okon (Alpine-Reno) – 45
  13. Aleksander Albon (Uilyams) – 27
  14. Valtteri Bottas (Alfa Romeo) – 10
  15. Niko Hulkenberq (Haas) – 9
  16. Yuki Tsunoda (Alfa Tauri) – 8
  17. Daniel Rikkardo (Alfa Tauri) – 6
  18. Jou Quanyu (Alfa Romeo) – 6
  19. Kevin Maqnussen (Haas) – 3
  20. Liam Louson (Alfa Tauri) – 2
  21. Loqan Sarcent (Uilyams) – 1
  22. Nik De Vris (Alfa Tauri) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 731
  2. Mersedes – 371
  3. Ferrari – 349
  4. Maklaren – 256
  5. Aston Martin – 236
  6. Alpin-Reno – 101
  7. Uilyams – 28
  8. Alfa Tauri – 16
  9. Alfa Romeo – 16
  10. Haas – 12
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: