Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 14-cü qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Monzada təşkil olunub.
İtaliya qran-prisi də ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 51 dövrəlik yarışı 1:13:41.143 göstərici ilə ilk sırada bitirib.
Bu, onun cari mövsümdə 12-ci, karyerası ərzində isə 47-ci qələbədir. Ardıcıl 10-cu qələbəsini qazanan Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Belçika və Niderland qran-prilərinin də qalibi olmuşdu. Niderlandlı sürücü ardıcıl 10-cu qran-pridə finişə birinci çatmaqla dördqat dünya çempionu, alman pilot Sebastyan Fettelin rekordunu yeniləyib. Fettel 2013-cü ildə 9 ardıcıl qran-prini qazanmaqla Ferstappenə qədər dünya rekordçusu idi.
Ferstappenin komanda yoldaşı, meksikan pilot Serxio Peres Monzada finiş xəttinə ikinci, “Ferrari”nin ispan pilotu Karlos Sayns isə üçüncü keçib.
Bu mövsüm geridə qalan 14 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 364 xalla birinci, Serxio Peres isə 219 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 170 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.
Mühəndislər Kubokunda da “Red Bull” 583 xalla zirvədə qərarlaşıb. Xal hesabını 273-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Ferrari” isə 228 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Sinqapurda keçiriləcək. Sözügedən yarış sentyabrın 17-də baş tutacaq.
Dünya çempionatı, 2023
Pilotların yarışında turnir cədvəli:
1. Maks Ferstappen (Red Bull) – 364
2. Serxio Peres (Red Bull) – 219
3. Fernando Alonso (Aston Martin) – 170
4. Luis Hamilton (Mersedes) – 164
5. Karlos Sayns (Ferrari) – 117
6. Şarl Lekler (Ferrari) – 111
7. Corc Rassell (Mersedes) – 109
8. Lando Norris (Maklaren) – 79
9. Lens Stroll (Aston Martin) – 47
10. Pyer Qasli (Alpine-Reno) – 37
11. Esteban Okon (Alpine-Reno) – 36
12. Oskar Piastri (Maklaren) – 36
13. Aleksander Albon (Uilyams) – 21
14. Niko Hulkenberq (Haas) – 9
15. Valtteri Bottas (Alfa Romeo) – 6
16. Jou Quanyu (Alfa Romeo) – 4
17. Yuki Tsunoda (Alfa Tauri) – 3
18. Kevin Maqnussen (Haas) – 2
19. Loqan Sarcent (Uilyams) – 0
20. Nik De Vris (Alfa Tauri) – 0
21. Daniel Rikkardo (Alfa Tauri) – 0
22. Liam Louson (Alfa Tauri) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
1. Red Bull – 583
2. Mersedes – 273
3. Ferrari – 228
4. Aston Martin – 217
5. Maklaren – 115
6. Alpine-Reno – 73
7. Uilyams – 21
8. Haas – 11
9. Alfa Romeo – 9
10. Alfa Tauri – 3


