Formula 1: Ferstappendən ardıcıl 7-ci qələbə!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 11-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Macarıstanın Modyorod şəhərində təşkil olunub.

Macarıstan qran-prisi də ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 70 dövrəlik yarışı 1:38:08.634 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 9-cu, karyerası ərzində isə 43-cü qələbədir. Ardıcıl 7-ci qələbəsini qazanan Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya və Böyük Britaniya qran-prilərinin də qalibi olmuşdu.

“Maklaren”dən Lando Norris Modyorodda ikinci olub. Üçüncü yeri isə “Red Bull”un digər pilotu, Ferstappenin komanda yoldaşı Serxio Peres tutub.

Bu mövsüm geridə qalan 11 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 281 xalla birinci, Serxio Peres isə 171 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 139 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 452 xalla zirvədə qərarlaşıb. Xal hesabını 223-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Aston Martin” isə 184 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Belçikada keçiriləcək. Sözügedən yarış iyulun 30-da baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

1. Maks Ferstappen (Red Bull) – 281

2. Serxio Peres (Red Bull) – 171

3. Fernando Alonso (Aston Martin) – 139

4. Luis Hamilton (Mersedes) – 133

5. Corc Rassell (Mersedes) – 90

6. Karlos Sayns (Ferrari) – 87

7. Şarl Lekler (Ferrari) – 80

8. Lando Norris (Maklaren) – 60

9. Lens Stroll (Aston Martin) – 45

10. Esteban Okon (Alpine-Reno) – 31

11. Oskar Piastri (Maklaren) – 27

12. Pyer Qasli (Alpine-Reno) – 16

13. Aleksander Albon (Uilyams) – 11

14. Niko Hulkenberq (Haas) – 9

15. Valtteri Bottas (Alfa Romeo) – 5

16. Jou Quanyu (Alfa Romeo) – 4

17. Yuki Tsunoda (Alfa Tauri) – 2

18. Kevin Maqnussen (Haas) – 2

19. Loqan Sarcent (Uilyams) – 0

20. Nik De Vris (Alfa Tauri) – 0

Konstruktorların xal sıralaması:

1. Red Bull – 452

2. Mersedes – 223

3. Aston Martin – 184

4. Ferrari – 167

5. Maklaren – 87

6. Alpine-Reno – 47

7. Uilyams – 11

8. Haas – 11

9. Alfa Romeo – 9

10. Alfa Tauri – 2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: