Formula 1: Ferstappendən mövsümün 17-ci qələbəsi!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 20-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Braziliyada təşkil olunub.

Braziliya qran-prisi də bu mövsüm çempionluğu təmin etmiş “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 71 dövrəlik yarışı 1:56:48.894 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 17-ci qələbəsidir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Belçika, Niderland, İtaliya, Yaponiya, Qətər, ABŞ və Meksika qran-prilərinin də qalibi olmuşdu.

Ferstappen bir mövsüm ərzində 17-ci qələbəsini qazanmaqla bu göstərici üzrə əvvəlki rekordunu da yeniləyib.

“Maklaren”in üzvü Lando Norris Braziliyadakı yarışda finiş xəttini ikinci keçib. İlk üçlüyü “Aston Martin”in pilotu Fernando Alonso tamamlayıb.

Beləliklə, bu mövsüm geridə qalan 20 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 524 xalla birinci, Serxio Peres isə 258 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 226 xala malik Luis Hamilton (“Mersedes”) qapayır.

Mühəndislər Kubokunda da “Red Bull” 782 xalla zirvədə qərarlaşıb. Xal hesabını 382-yə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Ferrari” isə 362 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Las Veqasda (ABŞ, Nevada) keçiriləcək. Sözügedən yarış noyabrın 18-də baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 524
  2. Serxio Peres (Red Bull) – 258
  3. Luis Hamilton (Mersedes) – 226
  4. Fernando Alonso (Aston Martin) – 198
  5. Lando Norris (Maklaren) – 195
  6. Karlos Sayns (Ferrari) – 192
  7. Şarl Lekler (Ferrari) – 170
  8. Corc Rassell (Mersedes) – 156
  9. Oskar Piastri (Maklaren) – 87
  10. Lens Stroll (Aston Martin) – 63
  11. Pyer Qasli (Alpine-Reno) – 62
  12. Esteban Okon (Alpine-Reno) – 46
  13. Aleksander Albon (Uilyams) – 27
  14. Yuki Tsunoda (Alfa Tauri) – 13
  15. Valtteri Bottas (Alfa Romeo) – 10
  16. Niko Hulkenberq (Haas) – 9
  17. Daniel Rikkardo (Alfa Tauri) – 6
  18. Jou Quanyu (Alfa Romeo) – 6
  19. Kevin Maqnussen (Haas) – 3
  20. Liam Louson (Alfa Tauri) – 2
  21. Loqan Sarcent (Uilyams) – 1
  22. Nik De Vris (Alfa Tauri) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Red Bull – 782
  2. Mersedes – 382
  3. Ferrari – 362
  4. Maklaren – 282
  5. Aston Martin – 261
  6. Alpin-Reno – 108
  7. Uilyams – 28
  8. Alfa Tauri – 21
  9. Alfa Romeo – 16
  10. Haas – 12
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: