Formula 1: İtaliya qran-prisinin qalibi Rikkardo oldu

Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – İtaliya qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 14-cü mərhələsi “Maklaren”in pilotu Daniel Rikkardonun qələbəsiylə yekunlaşıb.

Avstraliyalı pilot İtaliyanın “Monza” avtodromunda keçirilən yarışda 1:21:54.365 göstərici ilə birinci olub. Rikkardonun komanda yoldaşı Lando Norris, liderdən 1.747 saniyə geri qalmaqla ikinci olub. “Mersedes”in Finlandiyadan olan sürücüsü Valtteri Bottas isə liderdən 4.921 saniyə geri qalıb və üçüncülüklə kifayətlənib.

Bu nəticələrdən sonra “Maklaren” 2012-ci ildə keçirilmiş Braziliya qran-prisindən bəri ilk dəfə bir mərhələnin qalibi olub. Rikkardo isə 2018-ci ildəki Monako qran-prisindən sonra ilk dəfə mərhələnin ən güclüsü adını qazandı.

Bu mövsüm yeddi dəfə mərhələ qalibi olmuş “Red Bull” pilotu Maks Ferstappen, eləcə də onun əsas izləyicisi olan “Mersedes”in pilotu Luis Hamilton üçün isə İtaliya qran-prisi uğursuz alınıb. Onların idarə etdiyi bolidlər 26-cı dövrədə bir-birinə toqquşaraq qəzaya uğrayıb. Pilotların özlərinə heç bir şey olmasa da, yarışdan kənarda qalıblar.

Mövsümün geridə qalan 14 qran-prisinin yekununa əsasən, Maks Ferstappen 226.5 xalla birinci pillədə qərarlaşıb. Luis Hamilton 221.5 xalla ikincidir. İlk üçlüyü 141 xala malik Valtteri Bottas qapayır.

Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 362.5 xal var. İkinci pillədəki “Red Bull Rasinq-Honda”nın isə 344.5 xalı var. 215 xalı olan “Maklaren” isə üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə mövsümün növbəti – sayca 15-ci qran-prisi Rusiyada baş tutacaq. Sözügedən qran-pri sentyabrın 26-da keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 226.5
  2. Luis Hamilton (Mersedes) – 221.5
  3. Valtteri Bottas (Mersedes) – 141
  4. Lando Norris (Maklaren) – 132
  5. Serxio Peres (Red Bull) – 118
  6. Şarl Lekler (Ferrari) – 104
  7. Karlos Sayns (Ferrari) – 97.5
  8. Daniel Rikkardo (Maklaren) – 83
  9. Pyer Qasli (Alfa Tauri) – 66
  10. Fernando Alonso (Alpine-Reno) – 50

Konstruktorların xal sıralaması:

  1. Mersedes – 362.5
  2. Red Bull Rasinq-Honda – 344.5
  3. Maklaren-Mersedes – 215
  4. Ferrari – 201.5
  5. Alpine-Reno – 95
  6. Alfa Tauri-Honda – 84
  7. Aston Martin-Mersedes – 59
  8. Uilyams-Mersedes – 22
  9. Alfa Romeo-Ferrari – 3
  10. Haas-Ferrari – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: