Formula 1: Kimi Antonelli Çində hamını qabaqladı

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsi – 2-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Şanxay şəhərində təşkil olunub.

Çin qran-prisində “Mersedes”in gənc pilotu Kimi Antonelli qalib olub. 19 yaşlı italiyalı sürücü 56 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq zəfərini rəsmiləşdirib. Bu, onun həm cari mövsümdə, həm də karyerası ərzində ilk zəfərdir.

Cari mövsümün ilk qran-prisinin qalibi, Antonellinin komanda yoldaşı Corc Rassel bu dəfə ikinci yeri tutub. İlk üçlüyü “Ferrari”nin pilotu Luis Hamilton qapayıb.

Beləliklə, geridə qalmış 2 mərhələdən sonra Corc Rassel 51 xalla vahid liderdir. Kimi Antonelli 47 xalla ikinci pillədə qərarlaşıb. “Ferrari”nin pilotu Şarl Lekler isə 34 xalla üçüncüdür.

Mühəndislər Kubokunda “Mersedes” 98 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 67 xalla ikinci, “Maklaren” isə 18 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 3-cü qran-prisi Yaponiyada keçiriləcək. Suzuka şəhərində baş tutacaq bu yarış martın 29-da təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Corc Rassell (Mersedes) – 51
  2. Kimi Antonelli (Mersedes) – 47
  3. Şarl Lekler (Ferrari) – 34
  4. Luis Hamilton (Ferrari) – 33
  5. Oliver Berman (Haas) – 17
  6. Lando Norris (Maklaren) – 15
  7. Pyer Qasli (Alpin) – 9
  8. Maks Ferstappen (Red Bull) – 8
  9. Liam Louson (Rasinq Bulls) – 8
  10. Arvid Linblad (Rasinq Bulls) – 4
  11. İsaak Hacar (Red Bull) – 4
  12. Oskar Piastri (Maklaren) – 3
  13. Qabriel Bortoleto (Audi) – 2
  14. Karlos Sayns (Uilyams) – 2
  15. Franko Kolapinto (Alpin) – 1
  16. Esteban Okon (Haas) – 0
  17. Aleksander Albon (Uilyams) – 0
  18. Serxio Peres (Kadillak) – 0
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Fernando Alonso (Aston Martin) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 98
  2. Ferrari – 67
  3. Maklaren – 18
  4. Haas – 17
  5. Red Bull – 12
  6. Rasinq Bulls – 12
  7. Alpin – 10
  8. Uilyams – 2
  9. Audi – 2
  10. Kadillak – 0
  11. Aston Martin – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: