Formula 1: Maks Meksikada da qalib oldu, yeni rekorda imza atdı

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 20-ci qran-prisi baş tutub.

Paytaxt Mexiko şəhərində təşkil olunmuş Meksika qran-prisi də artıq dünya çempionluğunu təmin etmiş Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. “Red Bull”un niderlandlı sürücüsü 71 dövrəlik yarışda 1:38:36.729 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 14-cü belə zəfəridir.

Maks Ferstappen bu nəticə ilə Formula 1 tarixində yeni rekorda da imza atıb. Belə ki, o, dünya çempionatlarında bir mövsüm ərzində ən çox qran-pri qalibi olmuş pilota çevrilib. Bundan əvvəlki rekord (13 qələbə) Mixael Şumaxer (2004) və Sebastyan Fettelə (2013) məxsus idi.

Meksika qran-prisində “Mersedes”in pilotu Luis Hamilton ikinci olub. Ferstappenin komanda yoldaşı, “Red Bull”un digər pilotu Serxio Peres isə üçüncü yerlə kifayətlənib.

Beləliklə, lider Maks Ferstappen 20 turdan sonra xallarının sayını 416-ya çatdırıb. Onun komanda yoldaşı Serxio Peresin 280 xalı var. İlk üçlüyü 275 xala malik Şarl Lekler (“Ferrari”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 696 xalla zirvədə qərarlaşıb. “Ferrari” hazırda 487 xalla ikincidir. İlk üçlüyü 447 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Braziliyada keçiriləcək. Sözügedən yarış noyabrın 13-də bu ölkənin San-Paulo şəhərində baş tutacaq.

Turnir cədvəli

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 416
  2. Serxio Peres (Red Bull) – 280
  3. Şarl Lekler (Ferrari) – 275
  4. Corc Rassell (Mersedes) – 231
  5. Luis Hamilton (Mersedes) – 216
  6. Karlos Sayns (Ferrari) – 212
  7. Lando Norris (Maklaren) – 111
  8. Esteban Okon (Alpine-Reno) – 82
  9. Fernando Alonso (Alpine-Reno) – 71
  10. Valtteri Bottas (Alfa Romeo) – 47
  11. Sebastyan Fettel (Aston Martin) – 36
  12. Daniel Rikkardo (Maklaren) – 35
  13. Kevin Maqnussen (Haas) – 24
  14. Pyer Qasli (Alfa Tauri) – 23
  15. Lens Stroll (Aston Martin) – 13
  16. Mik Şumaxer (Haas) – 12
  17. Yuki Tsunoda (Alfa Tauri) – 12
  18. Jou Quanyu (Alfa Romeo) – 6
  19. Aleksander Albon (Uilyams) – 4
  20. Nikolas Latifi (Uilyams) – 2
  21. Nik de Vris (Uilyams) – 2
  22. Niko Halkenberq (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 696
  2. Ferrari – 487
  3. Mersedes – 447
  4. Alpine-Reno – 153
  5. Maklaren – 146
  6. Alfa Romeo – 53
  7. Aston Martin – 49
  8. Haas – 36
  9. Alfa Tauri – 35
  10. Uilyams – 8