Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – Niderland qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 13-cü mərhələsi “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb.
O, “Zandvoort” avtodromunda keçirilən yarışı 1:30:05 göstərici ilə birinci sırada bitirib. Bu, Niderlanddan olan pilotun cari mövsümdəki yeddinci qələbəsidir. Nəticədə Ferstappen “Mersedes”in pilotu Luis Hamiltonu qabaqlayaraq yenidən zirvəyə yüksəlib. Hamilton isə bu yarışda ikinci yerlə kifayətlənməli olub. O, liderdən 20.932 saniyə geri qalıb. Böyük britanyalı pilotun komanda yoldaşı, Finlandiyadan olan Valtteri Bottas isə liderdən 56.460 saniyə geri qalmaqla üçüncü yeri tutub.
Mövsümün geridə qalan 13 qran-prisinin yekununa əsasən, Maks Ferstappen 224.5 xalla birinci pillədə qərarlaşıb. Luis Hamilton 221.5 xalla ikincidir. İlk üçlüyü 123 xala malik Valtteri Bottas qapayır.
Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 344.5 xal var. İkinci pillədəki “Red Bull Rasinq-Honda”nın isə 332.5 xalı var. 181.5 xalı olan “Ferrari” isə üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə mövsümün növbəti – sayca 14-cü qran-prisi İtaliyada baş tutacaq. Sözügedən qran-pri sentyabrın 12-də keçiriləcək.
Pilotların yarışında ilk 10-luq:
- Maks Ferstappen (Red Bull) – 224.5
- Luis Hamilton (Mersedes) – 221.5
- Valtteri Bottas (Mersedes) – 123
- Lando Norris (Maklaren) – 114
- Serxio Peres (Red Bull) – 108
- Şarl Lekler (Ferrari) – 92
- Karlos Sayns (Ferrari) – 89.5
- Pyer Qasli (Alfa Tauri) – 66
- Daniel Rikkardo (Maklaren) – 56
- Fernando Alonso (Alpine-Reno) – 46
Konstruktorların xal sıralaması:
- Mersedes – 344.5
- Red Bull Rasinq-Honda – 332.5
- Ferrari – 181.5
- Maklaren-Mersedes – 170
- Alpine-Reno – 90
- Alfa Tauri-Honda – 84
- Aston Martin-Mersedes – 53
- Uilyams-Mersedes – 20
- Alfa Romeo-Ferrari – 3
- Haas-Ferrari – 0


