Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – Rusiya qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 15-ci mərhələsi “Mersedes”in pilotu Luis Hamiltonun qələbəsiylə yekunlaşıb.
Böyük britaniyalı pilot “Soçi” avtodromunda keçirilən yarışda 1:30:41.001 göstərici ilə birinci olub. “Red Bull” pilotu Maks Ferstappen ikinci, “Ferrari”dən Karlos Sayns üçüncü yeri tutub.
Mövsümün geridə qalan 15 qran-prisinin yekununa əsasən, Luis Hamilton 246.5 xalla birinci pillədə qərarlaşıb. Maks Ferstappen 244.5 xalla ikincidir. İlk üçlüyü “Mersedes”in digər pilotu – 151 xala malik Valtteri Bottas qapayır. Hansı ki, o, Rusiya qran-prisində 7-ci yerlə kifayətlənməli olub.
Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 397.5 xal var. İkinci pillədəki “Red Bull”un isə 364.5 xalı var. 234 xalı olan “Maklaren” isə üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə mövsümün növbəti – sayca 16-cı qran-prisi Türkiyədə baş tutacaq. Sözügedən qran-pri oktyabrın 10-da keçiriləcək.
Pilotların yarışında ilk 10-luq:
- Luis Hamilton (Mersedes) – 246.5
- Maks Ferstappen (Red Bull) – 244.5
- Valtteri Bottas (Mersedes) – 151
- Lando Norris (Maklaren) – 139
- Serxio Peres (Red Bull) – 120
- Karlos Sayns (Ferrari) – 112.5
- Şarl Lekler (Ferrari) – 104
- Daniel Rikkardo (Maklaren) – 95
- Pyer Qasli (Alfa Tauri) – 66
- Fernando Alonso (Alpine-Reno) – 58
Konstruktorların xal sıralaması:
- Mersedes – 397.5
- Red Bull – 364.5
- Maklaren-Mersedes – 234
- Ferrari – 216.5
- Alpine-Reno – 103
- Alfa Tauri-Honda – 84
- Aston Martin – 59
- Uilyams-Rasinq – 23
- Alfa Romeo – 7
- Haas-Ferrari – 0


