Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün dördüncü qran-prisi baş tutub.
Bakıda təşkil olunmuş Azərbaycan qran-prisi “Red Bull”un pilotu Serxio Peresin qələbəsiylə yekunlaşıb. Meksikadan olan 33 yaşlı pilot 51 dövrəlik yarışı 1:32:42.436 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdəki ikinci, karyerası ərzində isə 6-cı qələbədir. Peres bu mövsümün Səudiyyə Ərəbistanında təşkil olunmuş ikinci qran-prisinin də qalibi olmuşdu.
Serxio Peresin komanda yoldaşı, ötən mövsümün çempionu Maks Ferstappen Bakıdakı yarışda ikinci olub. Üçüncü yeri isə “Ferrari”dən Şarl Lekler tutub. Hansı ki, o, Azərbaycan qran-prisində sıralama turunun qalibi olmuş və bugünkü yarışa birinci sıradan başlamışdı.
“Aston Martin”in pilotu Nik de Vris və “Alfa Romeo”dan Jou Quanyu Azərbaycan qran-prisində mübarizəni yarıda dayandırmalı olublar. Nik de Vris 8-ci dövrədə qəza səbəbindən mübarizəni dayandırıb. Jou Quanju isə 37-ci dövrədə yarışdan çəkilib.
Beləliklə, dünya çempionatında “Bakı sindromu”na son qoyulub. Serxio Peres bu gün finişə birinci çatmaqla, Azərbaycan qran-prisində hər il fərqli qalibin olması ənənəsinə son qoyub. Meksikalı sürücü 2021-ci ildə olduğu kimi, bu dəfə də Bakı trekində hamıdan sürətli olub.
Xatırladaq ki, əvvəlki illərdə Niko Rozberq (“Mercedes”, 2016), Daniel Rikkiardo (“Red Bull”, 2017), Luis Hemilton (“Mercedes”, 2018), Valtteri Bottas (“Mercedes”, 2019) və Maks Ferstappen (“Red Bull”, 2022) 2016-cı ildən təşkil edilən Azərbaycan qran-prilərinin qalibi olublar.
Bu mövsüm geridə qalan 4 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 87 xalla birinci, Serxio Peres isə 79 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 57 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.
Konstruktorların mübarizəsində də “Red Bull” 180 xalla zirvədə qərarlaşıb. “Aston Martin” 87 xalla ikincidir. İlk üçlüyü 76 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Amerika Birləşmiş Ştatlarında keçiriləcək. Sözügedən yarış mayın 7-də Florida ştatının Mayami şəhərində baş tutacaq.
Dünya çempionatı, 2023
Pilotların yarışında turnir cədvəli:
1. Maks Ferstappen (Red Bull) – 87
2. Serxio Peres (Red Bull) – 79
3. Fernando Alonso (Aston Martin) – 57
4. Luis Hamilton (Mersedes) – 46
5. Karlos Sayns (Ferrari) – 30
6. Lens Stroll (Aston Martin) – 26
7. Corc Rassell (Mersedes) – 23
8. Şarl Lekler (Ferrari) – 21
9. Lando Norris (Maklaren) – 10
10. Niko Hulkenberq (Haas) – 6
11. Oskar Piastri (Maklaren) – 4
12. Valtteri Bottas (Alfa Romeo) – 4
13. Esteban Okon (Alpine-Reno) – 4
14. Pyer Qasli (Alpine-Reno) – 4
15. Jou Quanyu (Alfa Romeo) – 2
16. Yuki Tsunoda (Alfa Tauri) – 2
17. Aleksander Albon (Uilyams) – 1
18. Kevin Maqnussen (Haas) – 1
19. Loqan Sarcent (Uilyams) – 0
20. Nik De Vris (Alfa Tauri) – 0
Konstruktorların xal sıralaması:
1. Red Bull – 180
2. Aston Martin – 87
3. Mersedes – 76
4. Ferrari – 62
5. Maklaren – 14
6. Alpine-Reno – 8
7. Haas – 7
8. Alfa Romeo – 6
9. Alfa Tauri – 2
10. Uilyams – 1


