Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün üçüncü qran-prisi baş tutub.
Melburn şəhərində təşkil olunmuş Avstraliya qran-prisi “Red Bull”un pilotu, son çempion Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot bu dəfə 58 dövrəlik yarışı 2:32:38.371 göstərici ilə ilk sırada bitirib. Bu, onun cari mövsümdəki ikinci, karyerası ərzində isə 37-ci qələbədir. Ferstappen bu mövsümün Bəhreyndə təşkil olunmuş ilk qran-prisinin də qalibi olmuşdu.
“Mersedes”dən Luis Hamilton bu yarışı ikinci sırada bitirib. İlk üçlüyü “Aston Martin”in pilotu Fernando Alonso qapayıb.
3 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 69 xalla birinci, Serxio Peres isə 54 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 45 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.
Konstruktorların mübarizəsində də “Red Bull” 123 xalla zirvədə qərarlaşıb. “Aston Martin” 65 xalla ikincidir. İlk üçlüyü 56 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Azərbaycanda keçiriləcək. Sözügedən yarış aprelin 30-da Bakı şəhərində baş tutacaq.
Dünya çempionatı, 2023
Pilotların yarışında turnir cədvəli:
1. Maks Ferstappen (Red Bull) – 69
2. Serxio Peres (Red Bull) – 54
3. Fernando Alonso (Aston Martin) – 45
4. Luis Hamilton (Mersedes) – 38
5. Karlos Sayns (Ferrari) – 20
6. Lens Stroll (Aston Martin) – 20
7. Corc Rassell (Mersedes) – 18
8. Lando Norris (Maklaren) – 8
9. Niko Hulkenberq (Haas) – 6
10. Şarl Lekler (Ferrari) – 6
11. Valtteri Bottas (Alfa Romeo) – 4
12. Esteban Okon (Alpine-Reno) – 4
13. Oskar Piastri (Maklaren) – 4
14. Pyer Qasli (Alpine-Reno) – 4
15. Jou Quanyu (Alfa Romeo) – 2
16. Yuki Tsunoda (Alfa Tauri) – 1
17. Kevin Maqnussen (Haas) – 1
18. Aleksander Albon (Uilyams) – 1
19. Loqan Sarcent (Uilyams) – 0
20. Nik De Vris (Alfa Tauri) – 0
Konstruktorların xal sıralaması:
1. Red Bull – 123
2. Aston Martin – 65
3. Mersedes – 56
4. Ferrari – 26
5. Maklaren – 12
6. Alpine-Reno – 8
7. Haas – 7
8. Alfa Romeo – 6
9. Uilyams – 1
10. Alfa Tauri – 1


