Françesko Farioli “Alanyaspor”dan ayrıldı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Alanyspor” klubunun baş məşqçisi Françesko Farioli vəzifəsindən istefa verib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis son olaraq fevralın 26-da komandanı “Qalatasaray”la yoxlama oyununa çıxarıb.

Alanya təmsilçisinin 2:4 hesablı məğlubiyyətindən sonra O, klub rəhbərliyinə istefa ərizəsini təqdim edib. Türkiyə mətbuatının yazdığına görə, Farioli ayrılıq səbəbi kimi İtaliyada yaşayan ailəsinə daha çox vaxt ayırmaq istədiyini söyləyib. İddiaya görə, artıq 33 yaşlı məşqçinin istefası qəbul olunub. Halbuki, tərəflər arasındakı müqaviləyə əsasən, gənc mütəxəssis 2024-cü ilin 30 iyununa kimi bu komandanı çalışdırmağa davam etməli idi.

Xatırladaq ki, Françesko Farioli 2021-ci ilin 31 dekabrından “Alanyaspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 47 oyuna çıxarıb. Alanya təmsilçisi bu görüşlərdə 21 qələbə qazanıb, 10 heç-heçə edib və 16 məğlubiyyətə üzülüb.

“Alanyaspor”da daha öncə köməkçi-məşqçi kimi də çalışmış Farioli, Türkiyədə “Fatih Karagümrük”ün də baş məşqçisi olub. Türkiyə mətbuatının digər iddiasına görə, hazırda “Alanyaspor”da onu əvəz etməyə əsas namizəd Ərsun Yanaldır.

Xatırladaq ki, “Alanyaspor” hazırda Türkiyə Super Liqasında 22 oyuna topladığı 25 xalla 19 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: