Françesko Totti Dieqo Maradona ilə müqayisəsini cavabladı

İtalyan futbolunun əfsanəsi, “Roma”nın keçmiş hücumçusu və kapitanı Françesko Totti maraqlı açıqlaması ilə diqqət çəkib.

Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, Totti Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə müqayisəsinə münasibətini açıqlayıb:

“Mən, Maradona ilə müqayisə edilməyimi istəmirəm. Onunla kimsəni müqayisə etmək olmaz. Yumru top – bu, Maradonadır, yerdə qalanlar isə ikinci dərəcəlidir”, deyə Totti vurğulayıb.

Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: