İtaliya futbolunun əfsanəsi, “Roma”nın keçmiş kapitanı və hücumçusu Françesko Totti İtaliya futbolunun səviyyəsi haqda söhbət açıb.
Arena.az məlumat verir ki, Totti bu barədə Moskvada ezamiyyətdə ikən, yerli “Çempionat” dərgisinin müxbiri Qriqori Telinqaterə müsahibəsində danışıb:
– Necə düşünürsünüz, nə üçün İtaliya yığmasının dünya çempionatlarında iştirakla bağlı müvafiq fəsadları var?
– Bəli, artıq iki dünya çempionatından kənarda qalmışıq. Deməli, nəyisə daha artıq etmək gərəkdir. İtaliya dünya çempionatlarını buraxmağı özünə rəva görə bilməz.
– Bəs milli komandanın səviyyəsinin düşməsi amili varmı?
– Əvvəllər olduğu ilə müqayisədə – bəli. Buna rəğmən, yaxşı oyunçular indi də var. İtaliya – həmişə İtaliyadır.
Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.
Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.
Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.
Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.
Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.


