Françesko Totti müasir futbolu tənqid atəşinə tutdu

İtaliya futbolunun əfsanəsi, “Roma”nın keçmiş kapitanı və hücumçusu Françesko Totti müasir futbolu tənqidi ilə gündəmə gəlib.

Arena.az məlumat verir ki, Totti Rusiyanın “Çempionat” dərgisinin müxbiri Qreqori Telinqaterə müsahibəsində müasir futbolu texnilogiyalara, VAR-a və texniki oyunçuların əskikliyinə görə tənqid edib:

– Siz müasir futbolu və bütün bu yenilikləri necə qəbul edirsiniz?
– Oyun çox dəyişib. Əvvəllər əhəmiyyət texniki hazırlığa verilərdi, indi isə fiziki hazırlığa dirənir. Bunu isə mən yalnız italyan futbolu haqda demirəm, ümumiyyətlə dünya futbolu haqda danışıram. Əvvəllər taktika futbolçuların ustalığı əsasında təşəkkül tapırdı, indi isə texnikalı oyunçular azdırlar.

– Futbolda texnoligiyalar geniş vüsət alıb…
– Bəli, təəssüf ki.

– Siz nə üçün belə deyirsiniz?
– Futbol – texnologiyalar haqda deyil, tamaşa, zövq, duyğular haqdadır.

– Əgər VAR haqda danışsaq, onda o səhvlərin ən azı yarısını aradan qaldırıb. Bu, ona dəyməzmi?
– VAR-sız daha yaxşı idi. Başqa tezlik vardı. Hər şey gerçək vaxt ərzində baş verdikdə əla idi. İndi isə 5-10 dəqiqə itirmək olar. Bu, artıq futbol deyil, idmanın başqa bir növüdür. Ən yaxşısı, mən keçmiş vaxtları geri qaytarardım. O futbola baxmaq maraqlı idi.

Yeri gəlmişkən, Totti hazırda “Altanta Yunayted”də çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukun “Atalanta”da möhkəmlənə bilməməsi ilə də bağlı fikrini bildirib:

“Müvafiq xüsuslarda hər bir futbolçunun öz məsuliyyəti var. Güman ki, şəhəri, ölkəni dəyişdikdə, özünü tapmaq çətindir. Bununla belə, o, yaxşı oyunçu olaraq qalır”, deyə Totti vurğulayıb.

Françesko Totti 1992/1993-cü illər mövsümündən 2016/2017-ci illər mövsümünə qədər “Roma”nın futbolçusu olub. İtaliyan hücumçu bu müddətdə “canavalar”ın heyətində bütün yarışlarda 785 oyunda iştirak edib, 307 qol vurub, 210 məhsuldar ötürmə verib.

Totti “Roma” ilə İtaliya A Seriyasının (2000/2001), İtaliya Kubokunun (2006/2007, 2007/2008), İtaliya Super Kubokunun (2001/2002, 2007/2008) qalibi olub. Françesko 2006/2007-ci illər mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub. Əfsanəvi futbolçu həmçinin 5 dəfə (2000, 2001, 2003, 2004, 2007) İtaliyada ilin futbolçusu seçilib.

Françesko Totti İtaliya yığmasında 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının (DÇ-2006) qalibi olub.

Xatırladaq ki, Françesko Totti 2017-2019-cu illərdə “Roma”nın direktoru vəzifəsində çalışıb.

Totti “Roma” azarkeşlərinin sevimlisidir və “canavarlar”ın canlı əfsanəsi qəbul edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: