Françesko Tottinin oğlu La Liqa klubuna keçdi

“Roma”nın əfsanəvi futbolçusu Françesko Tottinin böyük oğlu, 18 yaşlı Kristian Totti bundan sonrakı karyerasını İspaniyada davam etdirəcək.

Arena.az xəbər verir ki, o, gənclərdən ibarət komandada çıxış etdiyi “Frozinone” ilə müqaviləsini ləğv edərək, İspaniyanın “Rayo Valyekano” klubuna keçib.

Məşhur atasının tribunadan izlədiyi gənc futbolçu artıq yeni komandası ilə ilk məşqinə də çıxıb. Gənc futbolçunun hazırlıq səviyyəsinin qənaətbəxş olduğu bildirilir.

Tottinin oğlu da hücumçu mövqeyində çıxış edir. O, “Roma”nın futbol akademiyasının yetirməsidir. Kristian “Frozinone”yə 2023-cü ilin avqustunda qoşulmuşdu.

Xatırladaq ki, Kristianın atası Françesko Totti peşəkar karyerası ərzində (1993-2007) yalnız “Roma”nın formasını geyinib. O, “Roma”nın heyətində ümumilikdə 785 oyun keçirib, 307 qol vurub, 209 məhsuldar ötürmə verib. Françesko “canavarlar”la İtaliya çempionatını (2000/2001), İtaliya Kubokunu (2006/2007, 2007/2008) və İtaliya Super Kubokunu (2001, 2007) qazanıb.

Françesko Totti İtaliya yığmasının heyətində 1998-ci ilin oktyabrında debüt edib, 58 oyuna 9 qol, 25 məhsuldar ötürmə ilə fərqlənib. Françesko “skuadra adzurra” ilə 2006-cı ildə Almaniyada keçirilmiş dünya çempionatının qalibi olub.

Yeri gəlmişkən, “Rayo Valyekano”nun əsas komandasının formasını geyinən hücumameyilli yarımmüdafiəçi Xoni Montiel aşağı liqa klubu “Burxos”a icarəyə verilib. 25 yaşlı ispan futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.

Xoni Montiel “Rayo Valyekano”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında 69 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Levante”, “Depor Fabril”, “Real Oviedo”, “Real Valyadolid”, “Toledo” və “Deportivo La Korunya” kimi komandalarda da icarədə olub. Montiel İspaniyanın U-17 və U-19 yığmalarının da formasını geyinib.