AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik postundan ayrılır. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Stuxlikin müqavilə müddəti iyunun 30-da başa çatacaq. 2018-ci il sentyabrın 14-dən etibarən Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan avstriyalı futbol funksioneri ilə yeni müqavilə imzalanmasına ehtiyac duyulmayıb. AFFA Stuxlikə fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
AFFA-nın açıqlamasında o da diqqətə çatdırılıb ki, Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.
Frits Stuxlik Azərbaycandakl fəaliyyət dövrünün başa çatması ilə əlaqədar AFFA-nın rəsmi saytına qısa açıqlama verib:
“Son illər hakimlik, xüsusən də oyun rəsmiləri sahəsində izlədiyimiz pozitiv dəyişiklikləri görmək çox xoşdur. Təkcə Premyer Liqa və Birinci Divizionda deyil, eyni zamanda, gənclərdən ibarət komandaların, futzal oyunlarının, eləcə də həvəskarlar arasında turnirlərin hakimlik məsələlərində müsbət dinamika müşahidə olunub. Bu məsələdə Hakimlər Komitəsindəki həmkarlarımın, fiziki hazırlıq üzrə məşqçilərin və təbii ki, AFFA rəsmilərinin böyük rolu olub. Birlikdə nail olduğumuz, miqyasından asılı olmayaraq bütün uğurlara görə futbol ailəsinə təşəkkürümü bildirirəm.
Hər kəsə uğurlarının davamlı olmasını arzulayıram. Azərbaycanda keçirdiyim gözəl vaxtı unutmayacağam”.
Xatırladaq ki, Stuxlik bu postda Xaqani Məmmədovu əvəz etmişdi. Lakin onun fəaliyyəti heç də qənaətbəxş hesab olunmurdu. Təsadüfi deyil ki, avstriyalı mütəxəssis Hakimlər Komitəsində gördüyü işlərlə təkcə jurnalistlər yox, hətta keçmiş hakimlər və futbol mütəxəssisləri tərəfindən də ciddi tənqid olunurdu.


