“Fulhem” klubu növbəti mövsümdə yenidən İngiltərə Premyer Liqasında iştirak etmək hüququ qazanıb. Arena.az xəbər verir ki, bu mövsüm Çempionşipdə mübarizə aparan sözügedən komanda sona üç tur qalmış rəqibləri üçün əlçatmaza çevrilib.
Londonun ən qədim komandası Çempionşipin 43-cü turunda doğma meydanda “Preston”la qarşılaşıb. Qarşılaşma 3:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Hesabı 9-cu dəqiqədə komandanın serbiyalı bombardiri Aleksandar Mitroviç açıb. 34-cü dəqiqədə Fabio Karvalyo fərqi artırıb. 41-ci dəqiqədə isə Mitroviç dubla imza atmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu qələbə sayəsində xallarını 86-ya çatdıran “Fulhem” 1-ci pillədə möhkəmlənib. Hazırda bu komanda ən yaxın izləyicisi “Bornmut”u 9, 3-cü pillədəki “Haddersfild”i isə 13 xal qabaqlayır. Bu isə liderin Premyer Liqaya birbaşa vəsiqə verən ilk iki pillədən birini tutacağı anlamına gəlir.
Komandanın serbiyalı hücumçusu Aleksandr Mitroviç də bu mövsüm möhtəşəm çıxışı ilə diqqət mərkəzindədir. O, geridə qalan oyunlarda 40 qola imza atıb. Serbiyalı forvardın ən yaxın izləyicisi “Bornmut”da çıxış edən Dominik Solankedir. İngilis futbolçu 26 qola imza atıb.
Ən çox məhsuldar ötürmə edən futbolçu da “Fulhem”in üzvüdür. Uelsdən olan Harri Uilson 15 qol ötürməsi edib. Onun ən yaxın izləyicisi isə “Ridinq”dən olan Con Sviftdir – 13 məhsuldar ötürmə.
24 komandanın mübarizə apardığı Çempionşip 46 turdan ibarətdir. Mövsümə mayın 7-də keçiriləcək oyunlarla yekun vurulacaq.
Xatırladaq ki, “Fulhem” Premyer Liqanı 2020/21 mövsümündə 18-ci yeri tutaraq tərk etmişdi. Komanda bir mövsümlük fasilədən sonra yenidən elitaya qayıtmağı bacarıb.


