“Valensiya”nın gürcü qapıçısı Georgi Mamardaşvili “Liverpul”un braziliyalı əsas qapıçısı Alisson Bekkerlə rəqabətə hazır olduğunu bildirib.
Arena.az xatırladır ki, Mamardaşvili “Liverpul”un qapıçısıdır və “Valensiya”da icarə əsasında çıxış edir.
“Klub nümayəndələri müqavilə təklif etmək üçün mənimlə görüşəndə, “Liverpul” layihəsi məni cəlb etdi. Hazırkı bir nömrə (Alisson – redaktorun qeydi) klubda qalsa belə, əsas qapıçının yeri uğrunda mübarizə aparacağam”, – jurnalist Deyv Okop gürcü qapıçıdan sitat gətirir.
Həmçinin Mamardaşvili bütün diqqətini “Valensiya”nın İspaniya La Liqasında qalmasına yönəltdiyini vurğulayıb. Hazırda “yarasalar” 9 oyundan 6 xalla yarış cədvəlinin 18-ci pilləsində, autsayderlər arasında qərarlaşıblar:
“Mən bütün diqqətimi komandamın La Liqadakı yerini qoruyub saxlamasına kömək etməyə yönəltmişəm. Bunun üçün çox çalışacağam”, deyə Mamardaşvili bildirib.
Georgi Mamardaşvili futbola “Qaqra” klubunda qədəm qoyub. Gürcü qapıçı karyerası ərzində “Dinamo” (Tiflis), “Rustavi”, “Lokomotiv” (Tiflis) və “Valensiya”da çıxış edib.
“Valensiya” gürcü qapıçını 2021-ci ilin iyulunda Tiflis “Dinamo”sundan icarəyə götürüb, 2022-ci ilin yanvarında isə 850 min avro məbləğ müqabilində tamhüquqlu əsasda heyətinə qatıb. Cari ilin avqustunda “Liverpul” 30 milyon avro məbləğ müqabilində Mamardaşvilini “Valensiya”dan satın alıb və eyni zamanda cari mövsümün sonuna qədər “yarasalar”a ödənişsiz əsasda icarəyə verib.
Cari mövsümdə gürcü qapıçı “yarasalar”ın heyətində bütün yarışlarda 9 oyuna çıxıb, 13 qol buraxıb, 3 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
Mamardaşvilinin “Valensiya”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 109 oyun, 125 buraxılmış qol, 34 “quru” oyun.
Mamardaşvili 2021-ci ilin sentyabrında debüt etdiyi Gürcüstan millisinin heyətində 25 oyun keçirib, 38 qol “yeyib”, 8 oyunda isə qapısını “quru” saxlamağı bacarıb.
Georgi Mamardaşvilinin böyük futbolda heç bir qəniməti olmasa da, 2019/2020-ci illər mövsümündə gürcü qapıçı Tiflis “Lokomotiv”inin heyətində mövsümün qapıçısı seçilib.
“Transfermarkt” internet-portalı 24 yaşlı gürcü qapıçının transfer dəyərini 45 milyon avro məbləğidə qiymətləndirir.


