İspaniyanın “Valensiya” klubu Gürcüstandan olan qapıçısı Georgi Mamardaşvili ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı qolkiperlə müddəti 2027-ci ilin 30 iyununa qədər olan yeni sözləşmə imzalanıb. Əvvəlki müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulmuşdu.
Georgi Mamardaşvili “Valensiya”ya ilk dəfə 2021-ci ilin iyulunda icarə əsasında qoşulmuşdu. Lakin ötən ilin son günündə ispanlar futbolçunun müqavilə ilə məxsus olduğu Tiflis “Dinamo”suna 850 min avro ödəməklə onun transfer hüquqlarını da almışdılar. Gənc qolkiper artıq İspaniya klubunun əsas komandasında 27 oyun keçirib. O, bu mövsüm meydana çıxdığı 6 oyunda 5 qol buraxıb.
Mamardaşvili yetirməsi olduğu Tiflis “Dinamo”sunda olarkən “Rustavi” və paytaxtın digər təmsilçisi “Lokomotiv”ə də icarəyə verilib. O, ötən ildən dəvət aldığı Gürcüstanın əsas milli komandasında 3 rəsmi matça çıxıb.


