Georgi Mamardaşvili “Liverpul”a keçsə də, La Liqada çıxış edəcək

Gürcüstan millisinin və “Valensiya”nın qapıçısı Georgi Mamardaşvili İngiltərə nəhənglərindən olan “Liverpul”a transfer olub.

Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Liverpul” bu transfer üçün 30 milyon avrosundan keçib. “Qırmızılar”ın gürcü qolkiperlə neçə illik anlaşdığı açıqlanmır. Amma o, yeni klubuna gələn yay qoşulacaq. Belə ki, iki klub arasındakı razılığa əsasən, Georgi bu mövsümün sonuna kimi icarə əsasında “Valensiya”da oynamağa davam edəcək.

Qeyd edək ki, Georgi Mamardaşvili futbola “Qaqra” klubunda qədəm qoyub. Gürcü qapıçı karyerası ərzində “Dinamo” (Tiflis), “Rustavi”, “Lokomotiv” (Tiflis) və “Valensiya”da çıxış edib.

“Valensiya” gürcü qapıçını 2021-ci ilin iyulunda Tiflis “Dinamo”sundan icarəyə götürüb, 2022-ci ilin yanvarında isə 850 min avro məbləğ müqabilində tamhüquqlu əsasda heyətinə qatıb. Mamardaşvilinin “Valensiya” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə gürcü qapıçı “yarasalar”ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb. O, bu oyunlarda 41 qol buraxıb, 13 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Cari mövsümdə isə o, La Liqa təmsilçisinin heyətində hələlik 2 oyun keçirib.

Mamardaşvilinin “Valensiya”nın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 102 oyun, 117 buraxılmış qol, 31 “quru” oyun.

Mamardaşvili 2021-ci ilin sentyabrında debüt etdiyi Gürcüstan millisinin heyətində 21 oyun keçirib, 35 qol buraxıb, 7 oyunda isə qapısını “quru” saxlamağı bacarıb.

Georgi Mamardaşvilinin böyük futbolda heç bir qəniməti olmasa da, 2019/2020-ci illər mövsümündə gürcü qapıçı Tiflis “Lokomotiv”inin heyətində mövsümün qapıçısı seçilib.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 45 milyon avro məbləğidə qiymətləndirir.

Yeri gəlmişkən, “Liverpul” sol cinah müdafiəçisi Ouen Beki də “Bləkbörn”ə icarəyə verib. 22 yaşlı uelsli futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Onun “qırmızılar”la 2026-cı ilin yayınadək müqaviləsi mövcuddur.

Ouen Bek “Liverpul”un öz yetirməsidir. Amma o, doğma klubunun əsas komandasında cəmi 3 oyun keçirib. Əvəzində müdafiəçi “Dandi”, “Bolton”, “Famalikan” kimi klublarda da icarədə çıxış etməli olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: