Gift Orban “Gent”i “Olimpik”ə dəyişdi – 12 milyonluq transfer

Nigeriyalı mərkəz hücumçusu Gift Orban tamhüquqlu transfer əsasında Belçilka təmsilçisi “Gent”dən Lion “Olimpik”inə keçib.

Arena.az bu barədə Lion “Olimpik”inin mətbuat xidmətinə istinadən məlumat verir.

Transfer Fransa klubuna 12 milyon avro məbləğə başa gəlib. Lion təmsilçisi Giftlə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Gift Orban Nigeriyanın “Bizon” klubunun yetirməsidir. Avropaya yol tapmış nigeriyalı hücumçu Norveçin “Stabek” klubunda əvvəlcə icarə, sonra isə tamhüquqlu əsasda çıxış edib, buradan “Gent”ə keçib.

Cari mövsümün ilk yarısını Gift “Gent”in heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 12 qol vurub. O, bu komandada bütövlükdə 52 oyun keçirib, 32 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Gift Orban Nigeriyanın U-23 yığmasına dəvət alsa da, meydana çıxmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, Lion “Olimpik”i komandanın fransalı mərkəz müdafiəçisi Mamadu Sarı da icarə əsasında Belçika təmsilçisi “Molenbek”ə göndərib. İcarə cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. Klublar arasında icarə haqqı icarə müddətinin sonunda razılaşdırılacaq.

Mamadu Sarr Lion “Olimpik”inin yetirməsidir. Fransa klubunun məqsədi gənc müdafiəçinin oyun təcrübəsini təmin etməkdir.

Cari mövsümdə Sarr Lion təmsilçisinin heyətində cəmi 1 oyunda meydana çıxıb, oynadığı 15 dəqiqə ərzində 1 sarı vərəqə alıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mamadu Sarr Fransanın U-17, U-18, U-19 yığmalarında oyun təcrübəsinə malikdir. Sarr “xoruzlar”ın U-17 yığması ilə 2022 Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 18 yaşlı fransalı mərkəz müdafiəçisinin transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: