Gökhan Töre Super Liqada özünə yeni klub tapdı

Bu yay “Ankaragücü” klubu ilə yollarını ayıran Türkiyə milli komandasının yarımmüdafiəçisi Gökhan Töre özünə yeni iş yeri tapıb.

Arena.az xəbər verir ki, 31 yaşlı sağ cinah vingeri Super Liqanın digər təmsilçisi “Konyaspor”la anlaşıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Gökhan Töre “Ankaragücü” ilə bu ilin qışında yarım mövsümlük müqavilə bağlamışdı. O, Ankara təmsilçisinin heyətində cəmi 5 oyuna çıxıb. Təcrübəli vinger bu matçlarda heç bir məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Peşəkar karyerasına Almaniyanın “Hamburq” komandasında başlamış Töre, “Rubin”, “Vest Hem”, “Yeni Malatyaspor”, “Adana Dəmirspor” kimi klubların da formasını geyinib. O, karyerasının böyük hissəsini “Beşiktaş”da keçirib – 156 oyun, 22 qol və 29 məhsuldar ötürmə. Təcrübəli futbolçu Türkiyə millisində də 26 oyun keçirib, amma fərqlənə bilməyib.

“Konyaspor” “Trabzonspor”un gənc hücumçusu Emrehan Gediklini də heyətinə qatıb. 20 yaşlı forvard yeni klubu ilə azad agent kimi 3 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Emrehan Gedikli “Trabzonspor”a 2022-ci ilin fevralında Almaniyanın “Bayer” klubundan 800 min avro qarşılığında transfer olunmuşdu. Amma o, Trabzon klubunun əsas komandasında cəmi 1 matça çıxıb. Emrehan ötən mövsümü icarə əsasında Avstriyanın “Austriya Lustenau” komandasında keçirib. Gənc futbolçunun “Trabzonspor”la 2026-cı ilin yayına qədər müqaviləsi vardı. Amma Trabzon təmsilçisi onun azad agent kimi Konya klubuna keçməsinə mane olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: