Gövhər Beydullayeva karyerasında ikinci dəfə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olub. Arena.az xəbər verir ki, 19 yaşlı qrossmeyster növbəti çempionluğunu bu gün rəsmiləşdirib.
Belə ki, bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatında sonuncu – 11-ci turun görüşləri keçirilib. Son turda Nərmin Abdinova Xanım Balacayeva ilə heç-heçə oynayıb. Gülnar Məmmədova Ayan Allahverdiyevanı, Türkan Məmmədyarova Nurtən Nuriyevanı, Xəyallə Abdulla Ləman Hacıyevanı üstələyib.
Liderlər qrupunda qərarlaşan G.Beydullayeva ağ fiqurlarla Zeynəb Məmmədyarovanı məğlub etməklə birinci yeri təmin edib. Beləliklə 11 turda 7.5 xal toplayan G.Beydullayeva ardıcıl ikinci dəfə Azərbaycan çempionatının qalibi olub.
Aktivində 7 xal olan Xanım Balacayeva ikinci yeri tutub. Son turda istirahət edən Səbinə İbrahimova 6.5 xalla üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, Gövhər Beydullayeva 2022-ci ildə də qadınlar arasında Azərbaycan çempionatının qalibi olmuşdu.
Xatırladaq ki, 11 şahmatçının iştirak etdiyi və Gövhər Beydullayevanın reytinq favoriti (2387) olduğu yarış 11 turdan ibarət idi. Çempionatın baş hakimi isə Ülkər Umudova idi. Bu yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılmışdı. Qalib şahmatçı 5000 manat pul mükafatı qazanıb.


