Gündoğan məşqçiliyə başlayır: Qvardiolanın yeni “əsər”i?

Almaniya milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi İlkay Gündoğan məşqçi olmağa hazırlaşır. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu artıq məşqçi hazırlığı keçir.

O, “Mançester Siti” akademiyasında uşaqlarla çalışır, həmçinin əsas komandanın baş məşqçisi Xosep Qvardiola ilə daima taktika haqda söhbətləşir.

Əslən türk olan yarımmüdafiəçi bununla bağlı “Football Manager”in “YouTube” kanalına müsahibəsində maraqlı fikirlər səsləndirib. O, “cəhd etməsəydim, ağılsız olardım”, deyə, gələcəkdə məşqçi olmaq ehtimalına dair mövqeyini bildirib.

Pep Qvardiolanın yetişdirdiyi məşqçilərin keyfiyyəti göz qabağındadır: Mikel Arteta “Arsenal” ilə “Mançester Siti”yə qarşı çempionluq mücadiləsinə girişmişdi. Xavinin “Barselona”sı ilk cəhdindəcə La Liqanı qazandı. Vensan Kompaninin rəhbərlik etdiyi “Bernli” isə Premyer Liqaya qayıtmağı bacardı. Bu parlaq nümunələr fonunda “Bayern”də Pep ilə çalışmış Xabi Alonsonun hazırda rəhbərlik etdiyi “Bayer”i də qeyd etmək olar. Görünür Pepin yeni əsəri Gündoğan olacaq.

İlkay Xosep Qvardiola ilə yanaşı, Yurgen Klopp və Tomas Tuxellə də çalışıb. Gündoğandan çalışdığı məşqçilər haqda zaman-zaman fikir bildirməsini istəyənlərə türk yarımmüdafiəçi hər biri haqqında xoş sözlər deyib. Ancaq sonda seçimini məhz Qvardiolanın üzərində saxlayıb.

Öz növbəsində Qvardiola Gündoğanın zəkasını və təmənnasızlığını vurğulamaqla yanaşı, futbolçu kimi vacib fiqur olduğunu, bütün mənalarda onu görkəmli oyunçu kimi səciyyələndirdiyini qeyd edib. Pep İlkay haqqında “insani” və “sakit lider” ifadələrini işlədib. Gündoğan isə rəhbərliyi altında çalışdığı baş məşqçisi haqqında “onun futol anlayışı mənə ideal dərəcədə uyğundur”, deyə bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: