Türkəsilli alman yarımmüdafiəçi İlkay Gündoğan “Barselona”ya keçidi ilə əlaqədar sabiq klubu “Mançester Siti” ilə vidalaşıb.
Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istinadən məlumat verir:
“Son yeddi il ərzində “Mançester Siti”nin bir hissəsi olmaq mənim üçün böyük imtiyaz və zövq idi. Mançester mənim evimə çevrildi və özümü “Siti” ailəsinin çox xüsusi bir parçası kimi hiss edirdim. Mənə çox unudulmaz anlar yaşamaq nəsib oldu. Bu xüsusi mövsümdə kapitanlıq, karyeramın ən böyük təcrübəsi oldu.
Əvvəlcə, Xosep Qvardiolaya təşəkkür etmək istərdim. Bu imtiyazı heç vaxt unutmayacağam, zira uzun müddət onun rəhbərliyi altında oynamış və öyrənmişəm. Mən həmçinin burada vaxtımın belə gözəl keçməsində xüsusi rol oynayan sabiq və indiki bütün komanda yoldaşlarıma da təşəkkür etmək istərdim. Nəhayət, inanılmaz “Siti” azarkeşlərinə təşəkkür etmək istərdim. Onlar mənə komandaya qoşulduğum andan dəstək oldular və onlara, dəstəkləri müqabilində çox şey borcluyam.
Bu klub mənə bütün arzularıma çatmağa kömək edib və mən bu imkana görə həmişə minnətdar olacağam. “Siti” həmişə ürəyimdə olacaq”, deyə Gündoğan bildirib.
32 yaşlı Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi. O, bu komanda ilə 14 kubok, o cümlədən 5 Premyer Liqa çempionluğunu və 1 UEFA Çempionlar Liqasını qazanıb. Ötən mövsüm yarımmüdafiəçi “şəhərliləri” kapitan sarğısı ilə meydana çıxarıb. İlkay Gündoğan “Mançester Siti” karyerası boyunca 304 oyuna çıxıb, 60 qol vurub, 40 məhsuldar ötürmə verib.


