Hacı Əliyev Paris-2024-ün 1/4 finalında uduzdu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ikinci sınağına çıxıb.

Arena.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda Macarıstan təmsilçisi İsmail Musukayevlə mübarizə aparıb.

Üçqat dünya və dördqat Avropa çempionu olan Hacı Əliyev bu rəqibinə 3:10 hesabı ilə məğlub olub və Olimpiya çempionu olmaq şansını itirib. Buna baxmayaraq, o, medal şansını saxlayır. Belə ki, Musukayev finala vəsiqə qazanacağı təqdirdə, idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.

Xatırladaq ki, Əliyev Parisdəki Yay Olimpiya Oyunlarında mübarizəyə 1/8 final mərhələsindən start vermişdi. O, startda meksikalı Ostin Qomesi 7:0 hesabıyla məğlub etmişdi.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də Olimpiadakı gümüş medalla başa vurub. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal əldə edib.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: