Hakim Ziyeş “Qalatasaray”da, Nikolo Zaniolo “Aston Villa”da!

Futbol üzrə Mərakeş yığmasının və İngiltərənin “Çelsi” klubunun hücumameyilli yarımmüdafiəçisi Hakim Ziyeş “Qalatasaray”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə çempionu rəsmi saytı vasitəsilə məlumat yayıb.

İstanbul klubu 30 yaşlı futbolçunu icarə əsasında heyətinə qatıb. Hakimin bu mövsüm 3 milyon 588 min avro məvacib alacağı diqqətə çatdırılıb. Mövsümün sonunda klub onu birdəfəlik heyətinə qatsa, yarımmüdafiəçi sonrakı iki mövsüm üçün də 2 milyon 850 min avro gəlir əldə edəcək.

Xatırladaq ki, Hakim Ziyeş “Çelsi”yə 2020-ci ilin iyulunda “Ayaks”dan 40 milyon avro müqabilində keçmişdi. O, London təmsilçisində 107 oyun keçirib, 14 qol vurub, 13 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi daha öncə “Herenven” və “Tvente”də də forma geyinib, Mərakeş yığmasında 54 oyuna 20 qol vurub.

“Qalatasaray” 3 futbolçusu ilə də yollarını ayırıb. Sağ cinah vingeri Yusuf Dəmir “Bazel”ə icarəyə verilib. Türk əsilli 20 yaşlı avstriyalı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. Vyana “Rapid”inin yetirməsi olan, “Barselona”da da icarədə olmuş futbolçu 2022-ci ilin yayında keçdiyi “Qalatasaray”da cəmi 6 matça çıxıb. İstanbul klubu Avstriya yığmasında 4 oyun keçirmiş futbolçunun transferi üçün 6 milyon avro ödəmişdi.

Zanilo “Aston Villa”nı…

“Qalatasaray” İtaliya yığmasının da üzvü olan yarımmüdafiəçisi Nikolo Zaniolonu isə İngiltərənin “Aston Villa” klubuna icarəyə verib. Premyer Liqa təmsilçisi onu satınalma şərti ilə icarəyə götürüb. “Aston Villa” bunun üçün Türkiyə çempionuna 5 milyon avro ödəyib. İngiltərə klubu onu birdəfəlik transfer etmək istəsə, 22,5 milyon avro əlavə ödəniş etməli olacaq.

Xatırladaq ki, Zaniolo “Qalatasaray”a bu ilin fevralında “Roma”dan 15 milyon avro qarşılığında keçib. O, Super Liqa təmsilçisində 12 oyuna 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Roma” və “Virtus Entalla”da da oynamış 24 yaşlı futbolçu İtaliya yığmasında 13 oyuna 2 qol vurub.

Yeri gəlmişkən, “Aston Villa”nın braziliyalı hücumçusu Vesli Moraes də “Stok Siti”yə keçib. 26 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb. O, “Aston Villa”da 26 oyuna 6 qol vurub, 1 assistlə yadda qalıb.

“Aston Villa” digər hücumçusu Lui Berri ilə yarımmüdafiəçisi Finn Azazı da icarəyə verib. Onlar mövsümün sonuna kimi müvafiq olaraq “Stokport Kaunti” və “Plimut”da icarədə olacaqlar.

… Morutan Türkiyənin digər klubunu seçdi

“Qalatasaray”ın Rumıniyadan olan hücumameyilli yarımmüdafiəçisi Olimpiu Morutan da “Ankaragücü” klubuna keçib. İstanbul təmsilçisi bu satışdan 3 milyon avro qazanıb. 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. Morutan Ankara təmsilçisinin ən bahalı futbolçusu kimi klubun tarixinə düşüb.

Morutan “Qalatasaray”a 2021-ci ilin avqustunda 4,1 milyon avro qarşılığında “Styaua”dan keçib. Ötən mövsümü İtaliya “Piza”sında icarədə keçirmiş yarımmüdafiəçi İstanbul təmsilçisində 36 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Styaua”, “Botoşani” və “Universitatea Kluj” klublarının da formasını geyinib, Rumıniya yığmasında 9 oyuna 1 qol vurub.

“Ankaragücü” Morutandan başqa daha iki futbolçunu heyətinə qatıb. Sözügedən klub “Olimpiakos”dan Qarri Rodriqesi, “Şkupi”dən Renaldo Sefası transfer edib. Rodriqes azad agent kimi keçdiyi Super Liqa klubu ilə 2 illik müqavilə bağlayıb. Sefasın transferi isə 400 min avroya başa gəlib. Onunla 4 illik müqavilə imzalanıb.

Kabo Verde yığmasının da üzvü olan Qarri Rodriqes daha öncə Türkiyədə “Qalatasaray” və “Fənərbaxça”nın uğurları üçün çalışıb. 32 yaşlı vinger “Əl-İttihad”, PAOK, “Elçe”, “Levski” (Sofiya) və “Dordrext”də də forma geyinib. O, yığma komandada 41 oyuna 7 qol vurub.

Renaldo Sefas isə daha öncə “Arnett” və “Şkupi”nin formasını geyinib. 23 yaşlı futbolçu Yamayka yığmasına da dəvət alır.

“Ankaragücü” konqolu hücumçusu Beviç Mussiti-Okonu da “Boluspor”a icarəyə verib. 28 yaşlı futbolçu Ankara klubuna bu ilin fevralında keçib, bu komandada 9 oyuna fərqlənə bilməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: