Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca baş hakim Halil Unut Meleri döydüyünə görə futboldan ömürlük kənarlaşdırılıb.
Arena.az bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir.
Belə ki, Türkiyə Peşəkar Futbol İntizam Şurası (PFDK) Kocanı ümumilikdə 3 ildən artıq müddətə futboldan kənarlaşdırıb. Bu, Türkiyə Futbol Federasiyasının nizamnaməsinə uyğun olaraq dərhal ömürlük cəza ilə əvəzlənmə deməkdir.
“Ankaragücü” klubu da baş verən olaylara görə cəza alıb. Belə ki, komandanın ev oyunlarını keçirdiyi stadion 5 oyunluq diskvalifikasiya alıb, klub 2 milyon TL cərimələnib. Komanda növbəti beş ev oyununu boş tribunalar önündə – tamaşaçısız keçirəcək.
Ankara klubunun idarə heyətində yer alan şəxslərdən, həmçinin digər rəsmilərindən də cəza alanlar və cərimənənlər olub.
Xatırladaq ki, Türkiyə Super Liqasının 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana çıxaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmuşdu. Bu səbəbdən yerli federasiya bütün liqaların təxirə salındığını açıqlayıb. Həmçinin türkiyəli hakimlər də oyunları boykot edəcəklərini bəyan ediblər. Son açıqlamaya görə, Türkiyədə futbol liqaları dekabrın 19-dan etibarən bərpa olunacaq.
Türkiyə Futbol Federasiyası Türkiyə hakimin döyülməsi ilə bağlı hadisənin klub rəhbərləri, onların məşqçiləri, idarəediciləri və televiziya şərhçilərinin mütəmadi olaraq səsləndirdiyi məsuliyyətsiz sözlər səbəbindən baş verdiyini bəyan edib. Hadisənin əsas səbəbkarı olan Faruk Koca hazırda təcridxanadadır. Onun bu işlə əlaqədar bir neçə il həbs cəzası alması da gözlənilir.


