Halil Dərvişoğlu yenidən “Qalatasaray”da!

“Qalatasaray”ın sabiq hücumçusu, Türkiyə millisinin də üzvü olan Halil Dərvişoğlu yenidən İstanbul klubuna qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Türkiyə çempionu İngiltərənin “Brentford” klubuna məxsus olan futbolçunun transferi üçün 500 min avro ödəyib. 23 yaşlı hücumçu ilə 4 illik (2027-ci ilin 30 iyununa qədər) müqavilə imzalanıb. Halilin özü 2023/2024 mövsümündə 20 milyon TL məvacib alacaq. Sonrakı mövsümlərdə bu məbləğ hər il artacaq. O, köhnə-yeni komandasında 21 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Halil Dərvişoğlu Niderlandda dünyaya göz açıb və Rotterdam “Sparta”sının yetirməsidir. O, 2020-ci ildə “Brentford”a transfer olunmuşdu. Lakin hücumçu Premyer Liqa klubunda heyətə düşə bilmədiyi üçün “Tvente” və “Börnli”də, eləcə də iki dəfə “Qalatasaray”da icarədə oynamaq məcburiyyətində qalmışdı. Hücumçu “Brentford”da 12 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıbsa, “Qalatasaray”d 45 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Halil həm də Türkiyə milli komandasının üzvüdür. O, yığmada 15 oyuna 6 qol vurub.

“Brentford” İsveçdən olan mərkəz müdafiəçisi Pontus Yanssonla da vidalaşıb. 32 yaşlı futbolçu azad agent kimi “Malmö”yə keçib. O, 2019-cu ildən formasını geyindiyi İngiltərə klubunda 115 oyun keçirib, 4 qol və 2 assistə imza atıb. Təcrübəli müdafiəçi daha öncə “Malmö”də, həmçinin “Torino”da forma geyinib. O, İsveç yığmasında da 27 oyuna çıxıb.

“Brentford” gənc yarımmüdafiəçisi Rayan Trevitt ilə də yeni müqavilə bağlayıb. 20 yaşlı futbolçu ilə 3+1 illik sözləşmə imzalanıb. O, yeni müqavilə bağlasa da, komandada qalmayacaq. Belə ki, Premyer Liqa klubu yetirməsinin daha çox oyun təcrübəsi qazanması üçün aşağı liqa təmsilçisi “Ekseter Siti”yə icarəyə getməsinə qərar verib. Trevitt “Brentford”un əsas komandasında indiyə qədər 2 rəsmi matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: