Azərbaycan çempionu “Qarabağ”ın fransalı yarımmüdafiəçisi Hamidu Keyta karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Arena.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Halil Yılmazer sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 29 yaşlı yarımmüdafiəçi karyerasını “Konyaspor”da davam etdirəcək.
Hətta fransalı oyunçunun axşam saatlarında Konyada olacağı da vurğulanıb. Super Liqa təmsilçisi onunla 2 illik müqavilə imzalayacaq.
Xatırladaq ki, Hamidu Keyta “Qarabağ”a 2023-cü ilin iyul ayında “Zirə”dən azad agent kimi keçmişdi. Həmin vaxt futbolçu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanmışdı. Türkiyə klubunun Keytanı heyətinə qatmaq üçün Ağdam klubuna təzminat ödəyib-ödəməyəcəyi açıqlanmır.
Keyta “Qarabağ”ın heyətində 54 oyun keçirib, 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub. O, 2022-ci ilin yanvarından “Qarabağ”a keçənə qədər formasını geyindiyi “Zirə”də də 54 oyuna çıxıb., 15 qol vurub, 12 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi daha öncə “Botoşani”, “Dunarea Kalarasi”, “Şambli”, “Sent Etyen”, “Santa-Klara” və “Trellisak” kimi komandalarda da oynayıb.


