Hansi Flik “Real”la matçda texniki zonada olmayacaq

“Barselona”nın alman baş məşqçisi Hansi Flik La Liqanın 10-cu turunda qarşılaşacaqları “Real”la matçda texniki zonada yer ala bilməyəcək.

Arena.az bu barədə İspaniya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Barselona”nın baş məşqçisinin qırmızı vərəqə ilə bağlı apellyasiya şikayətini qəbul etməyib. Bu üzdən də almaniyalı mütəxəssis La Liqanın 10-cu turunda qarşılaşacaqları “Real”la (Madrid) matçda komandasına texniki zonadan rəhbərlik edə bilməyəcək.

Xatırladaq ki, Hansi Flik ötən tur “Jirona” ilə keçirilən oyunun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. 60 yaşlı baş məşqçi buna görə bir oyunluq cəza alıb.

İspaniya mətbuatına yer almış digər məlumata görə, “Barselona” RFEF-in qərarından Apellyasiya Komitəsinə müraciət etməyi planlaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaş: