Almaniyanın “Herta” komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, bu ilin yanvarından “Herta”nı çalışdıran Pal Dardai istefaya göndərilib. Buna komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Berlin təmsilçisi bu mövsüm Bundesliqada keçirdiyi 13 oyunda 14 xal toplayıb və 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
“Herta” özünə yeni baş məşqçi də tapıb. Komandanı bundan sonra Tayfun Korkut çalışdıracaq. O, cari mövsümün sonuna qədər “Herta”nın “sükanı arxasında” olacaq.
Türkiyə milli komandasının keçmiş futbolçusu olan Korkut, əvvəllər Almaniyada “Bayer”, “Ştutqart”, “Kayzerslautern”, “Hannover” kimi klublarda da məşqçi kimi çalışıb. 47 yaşlı mütəxəssis 2018-ci ildən işsiz idi.


