Hüseyn Heydərov 3 qızıl medalla Avropanın zirvəsində!

Azərbaycan atleti Hüseyn Heydərov Moldovada 15 və 17 yaşlılar arasında keçirilən Avropa birinciliyində möhtəşəm nəticəyə imza atıb.

Arena.az xəbər verir ki, bu gün körpücük üzərinə çıxan Hüseyn yaşı 15-ə qədər olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparıb.

Atletimiz birdən qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına layiq görülüb.

O, təkanla qaldırma hərəkətində də uğurlu çıxışla yadda qalıb. Hüseyn 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.

Toplam 257 kq (118+139) nəticə göstərən Hüseyn Heydərov yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, ötən gün körpücük üzərinə çıxan Ravin Alməmmədov da oxşar uğura imza atmışdı. O, yaşı 17-yə qədər olan oğlanlar arasında 73 kq çəki dərəcəsində mübarizə aparmış və 3 qızıl medal qazanmışdı.

Moldovanın paytaxtı Kişinyovda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında təşkil olunmuş Avropa birinciliyinə iyulun 1-də start verilib. Ayın 10-da bitəcək yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Millimiz qitə birinciliyinə bütövlükdə 11 atletlə gedib. Daha öncə millimizin üzvlərindən Amin Osmanov 1 qızıl, 2 gümüş, Turan Əliyevlə Yunis Bayramov isə hərəyə 1 bürünc medal qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: